Tədris və elmi işlər üzrə direktor müavini

Məlumatlar

ADPU

Muradlı Eldar Vidadi oğlu 26 yanvar 1986-cı ildə Cəlilabad rayonunun Kazımabad kəndində anadan olmuşdur.
1993-cü ildə Kazımabad kənd orta məktəbinə daxil olmuş, 2005-ci ildə həmin məktəbi bitirmişdir.
2006-cı ildə Lənkəran Dövlət Universitetinə qəbul olunaraq 2009-cu ildə “Coğrafiya” ixtisası üzrə bakalavr təhsilini tamamlamışdır.
Elə həmin il universitetin magistraturasına qəbul olunmuş, 2011-ci ildə “Fiziki coğrafiya” ixtisası üzrə magistr elmi dərəcəsi almışdır.
2012-ci ildə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda “Eopleystosen və Pleystosendə Azərbaycanın iqlimi” mövzusu üzrə dissertantura təhsilinə başlamış,
2022-ci ildə dissertasiya işini uğurla müdafiə etmiş, 2023-cü ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyasının qərarı ilə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Peşə fəaliyyətinə Cəlilabad rayonunun Kazımabad kənd orta məktəbində başlamış, burada 4 il müddətində coğrafiya müəllimi kimi çalışmışdır.
2010-cu ildən isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (əvvəlki AMİ) Cəlilabad filialında fəaliyyət göstərir.
Müxtəlif illərdə filialda tyutor, metodist, baş müəllim, Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri vəzifələrində çalışmışdır.
2019-cu ildən etibarən Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri və filialda baş müəllim vəzifəsində işləmişdir.
16 aprel 2025-ci il tarixindən ADPU-nun Cəlilabad filialında “Tədris və elmi işlər üzrə direktor müavini” vəzifəsini icra edir.
Elmi fəaliyyəti ilə yanaşı, təhsil və inklüzivlik sahəsində də fəal iştirak etmişdir.
50-dən artıq müxtəlif təlimlərdə iştirak etmiş, həmçinin Regional İnkişaf İctimai Birliyi (RİİB) tərəfindən icra edilən
“Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində xarici mütəxəssislərin rəhbərliyi ilə təşkil olunmuş təlimlərdə iştirak etmiş və təlimçi statusu qazanmışdır.
İki il müddətində ADPU-nun Cəlilabad filialında inklüziv təlim üzrə təlimçi kimi fəaliyyət göstərmişdir.
Eldar Muradlı ölkə daxilində və xaricdə 40-dan artıq elmi məqalənin müəllifidir.
2023–2026-cı illərdə ABŞ-ın Nyu-York şəhərində dərc olunan Reviewer of Earth Sciences (EARTH) jurnalında rəyçi qismində çıxış edir.
Elmi və ictimai fəaliyyətinə görə bir sıra mükafat və fəxri fərmanlarla təltif olunmuşdur.
2009-cu ildə magistraturaya qəbul zamanı yüksək nəticələrinə görə Lənkəran Dövlət Universitetinin rektoru tərəfindən fəxri fərman almışdır.
Həmin ildə Kazımabad kənd bələdiyyəsinə üzv seçilmişdir.
Sonrakı illərdə rayon və ADPU-nun Cəlilabad filialının rəhbərliyi tərəfindən elmi-pedaqoji nailiyyətlərinə və ictimai-siyasi fəaliyyətinə görə bir neçə dəfə fəxri fərmanlarla mükafatlandırılmışdır.
2024-cü ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsində ADPU rəhbərliyi tərəfindən II yerə layiq görülmüşdür.

Ailəli olan Eldar Muradlı iki övlad atasıdır.