Xəbərlər

30.12.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialının əməkdaşları Cəlilabad Rayon Veteranlar Təşkilatının təşkil etdiyi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il tədbirində iştirak etmişlər.
İlk olaraq vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə canlarını fəda edən Şəhidlərimiz anılaraq Onların müqəddəs ruhuna fatihə oxunub.
Tədbiri Rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin baş redaktoru Ədalət Salman geniş nitqi ilə açıb. Qəhrəman xalqımızın tarix boyu azadlıq mübarizələrindən, keçmişindən bugünümüzə şan və şərəf dolu anlarından bəhs edərək sözlərinə davam edən Ə.Salman Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində qazanılan Şanlı Zəfərdən danışaraq xalqımızla birlik və bərabərlik nümayiş etdirmişdir.
Cəlilabad rayon Qazilər birliyinin rəhbəri Maşallah Əliyev ölkəmizin bütövlüyü, parlaq gələcəyi, vətəndaşlarımızın namus və qeyrətinin hər zaman qorunmasının vacibliyini dilə gətirərək bildirmişdir ki, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti, xalqımızın Ali Baş Komandanının ətrafında sıx birləşməsi işğal olunmuş torpaqlarımızın azad edilməsində əsas olmuşdur. Beləliklə, Dövlət-Xalq-Ordu birliyimizlə bütövləşən “Dəmir yumruq” düşmənin başına endirilərək onu təslim olmağa məcbur edilmişdir.
ADPU-nun Cəlilabad filialının tərbiyə işləri üzrə təşkilatçısı, “Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Aydın İbişov çıxış edərək bildirmişdir ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması Ümummilli Liderimiz Heydər Əliyevin bütün soydaşlarımıza ünvanladığı əbədi bir dəyərdir. Bizlər bu ulu dəyərin işığında Azərbaycanımızın parlaq gələcəyi üçün daimi olaraq çalışmalı, Dövlət-Xalq birliyimizi hər zaman nümayiş etdirməli, gerçək çalışmalarımızla isə onu taclandırmalıyıq.
ADPU-nun Cəlilabad filialının “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ələsgər Mirzəzadə dünya Azərbaycanlılarının bir arada toplanmasını, bu tarixi gün üçün əzmkar zəhmətlərə qatlaşaraq müstəsna xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin fəaliyyətini Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri adlandıraraq, hal-hazırda da bu uğurlu addımların başda Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev olmaqla davam etdirildiyini söyləyib.
Sonra, Azərbaycan Yazıçılar Birliyinin üzvü, veteran müəllim Əfrahim Abbas çıxış edərək qəhrəmanlar ölkəsi olan Azərbaycanımızın daha yüksək inkişafı üçün soydaşlarımızla bir araya gəlməyin önəmini vurğulayaraq tədbir iştirakçılarına fikirlərini poetik ifadələrlə çatdırıb. Artıq məğlub deyil, qalib xalq olduğumuzun qürurunu yaşamağın hər birimizin haqqı olduğunu bildirərək milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyi istiqamətinə diqqətləri yönəldib.
Qarabağ Müharibəsi Veteranı, yazıçı Qurban Əhməd iftixar hissilə poetik fikirlərini səsləndirərək ümumxalq birliyimizi, bütöv Azərbaycanımızla döyünən ürəklərin hər zaman var olmasını diləyib. Respublikamızın hər guşəsində aparılan quruculuq və abadlıq işlərinin işğaldan azad olunan torpaqlarımızda xüsusi önəm daşıdığını vurğulayaraq 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə bütün soydaşlarımıza təbriklərini ünvanlayıb.
Çoxsaylı iştirakçıların; qazilərin, veteranların, elm və poeziya ziyalılarının parlaq nitq söylədikləri tədbir Azərbaycanımızın bütövlüyü naminə xoş istək və arzularla yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.