Xəbərlər

16 noyabr 2022-ci il tarixində Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə ADPU-nun Cəlilabad filialının tələbələri arasında “Şuşa İli”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi keçirilib. Tədbirdə ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Şahin Cəbrayılov, Dil-ədəbiyyat və pedaqoji elmlər onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Tofiq İsgəndərov, Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ələsgər Mirzəzadə, Şöhrət Namazova, Tələbə və tədrisin idarə olunması şöbəsinin əməkdaşı Rüfət Sabirli və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
İlk olaraq Şuşa şəhəri haqqında iştirakçılara məlumat verən ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova dilbər guşəmiz Qarabağın tacı olan Şuşanın ölkəmiz üçün əhəmiyyəti və müqəddəs, əziz məkanlarımızdan biri olması barədə söz açmışdır. Şuşa sevgisinin bütün Azərbaycanlıların mənəvi varlığının ayrılmaz parçası olduğunu qeyd etmişdir.
Əsasının 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu və bu il 270 illik yubileyi qeyd olunduğu Şuşa şəhəri zəngin inkişaf yolu keçərək Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında xüsusi rol oynamaqdadır. Sevindirici haldır ki, Azərbaycanımızın mədəniyyət paytaxtı olan Şuşada bu gün aparılan şəhərin əsl tarixi simasının bərpası istiqamətindəki layihələr bir-birinin ardınca gerçəkləşdirilməkdədir. Çox qısa müddətdə Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin öz ilkin görkəminə qaytarılması, Bülbülün ev-muzeyinin və Üzeyir Hacıbəyovun heykəlinin açılışı, bununla yanaşı buradakı tarixi, dini, ümumiyyətlə memarlıq abidələrinin bərpası prosesi ölkəmizizn bu vacib məkanında görülən kompleks işlərin tərkib hissəsidir.
Sonra “Şuşa İli”nə həsr olunana şeir müsabiqəsi açıq elan olunub. Müsabiqədə iştirak edən tələbələr Şuşa şəhəri haqqındakı şeirləri öz maraqlı ifadələrilə təqdim ediblər. Sonda müsabiqənin qalibləri elan olunub. Belə ki, “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Zəhra Feyziyeva 1-ci, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının dördüncü tədris ili tələbəsi Rüqəyya Eminova 2-ci, “İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Vüsalə Quliyeva isə 3-cü yerə layiq görülmüşlər. “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Ceyhunə Ağaverdiyeva isə 4-cü olaraq həvəsləndirici yerlə kifayətlənmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.