Xəbərlər

Hər bir xalqın tarixini onun qoynunda bəsləyərək boya-başa çatdırdığı şəxsiyyətlər yaradır. Bu şəxsiyyətlərin bir çoxu isə mərdliyin, cəsarətin zirvəsinə yüksələrək əsl qəhrəmana çevrilirlər. Belə cəsur, qəhrəman övladlarımızdan biri də Azərbaycan xalqının igid oğlu Alxas Mirxas oğlu Yunusovdur. O, 1986-cı ilin yanvar ayının 18-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur. Həziabad kənd orta məktəbini 2004-cü ildə bitirdikdən sonra elə həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirdikdən sonra 2006-cı ildə ehtiyata buraxılıb.
2011-2015-ci illərdə Moskva Dövlət İnformasiya Texnologiyaları Radiotexnika və Elektronika Universitetində təhsil alıb. Təhsil alarkən Mübariz İbrahimovun torpaqlarımız uğrunda qəhrəmancasına şəhid olduğunu eşidir və vətənə dönməyə qərar verir. Elə o gündən hərbiçi olmaq qərarına gəlir. 2018-ci ildə Təlim-tədris mərkəzində keçirilən gizir hazırlıq kursunda iştirak etdikdən sonra Mingəçevir şəhərində hərbi xidmətini davam etdirir.
Alxas Yunusov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində əsgər dostları ilə birlikdə düşmənə qarşı amansız mübarizə aparır. O, komandiri olduğu BMP-3 hərbi maşını ilə Tərtər, Suqovuşan və Ağdərə istiqamətində düşmənin uzun illərdən bəri qurduğu istehkam qurğularını məhv edib. Qızğın döyüşlərin birində onun idarə etdiyi döyüş maşını vurulur və beləliklə Vətənin qəhrəman övladı Mübarizin şəhadətə qovuşduğu yerdə Alxas da şəhid olur. Ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb.
Alxas Mirxas oğlu Yunusov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə; Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidliyi və şücaətinə görə isə 29.12.2020-ci il tarixli Sərəncama əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Böyük Zəfər qürurunu bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.