16 oktyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Polisə Dəstək” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində “İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər“ mövzusunda tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, “Polisə Dəstək” İctimai Birliyinin sədri Ş.Əliyev, hüquqşünas-ekspert A.Kərimov, layihənin maliyyə meneceri K.Soltanova, Cəlilabad rayon Cinayət axtraış bölməsinin rəis müavini, polis kapitanı A.Səfərli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, mütəxəssis N.Babayev, baş müəllim Ə.Mirzəzadə, müvafiq struktur bölmələrin əməkdaşları və I tədris ilinin tələbələri iştirak ediblər.
Vətən uğrunda canından qanından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan maarifləndirici görüşdə filialın direktoru dos. X.H.Sultanlı giriş sözü ilə çıxış edərək bu istiqamətdə aparılan tədbirlərin çox mühim əhəmiyyətə malik olduğunu və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsinə daima ehtiyac olduğunu vurğulayıb.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Ş.Əliyev insan alveri cinayətlərinin anlayışı, şərhi, insan alveri cinayətlərini doğuran səbəb və şərait, eləcə də problemin aradan qaldırılması yolları barədə ətraflı məlumat verib.
Hüquqşünas A.Kərimov insan alverinə qarşı mübarizə ilə bağlı dövlət strategiyası və qanunvericilik bazası, risklərin azaldılması, hüquq mühafizə orqanları ilə əlaqə və əməkdaşlıq barədə məruzə ilə çıxış edib.
Cəlilabad rayon Cinayət axtarış bölməsinin rəis müavini, polis kapitanı A.Səfərli də bu aspektdə gəncləri maarifləndirərək insan alveri problemlərini dünyada gedən mürəkkəb sosial-iqtisadi-siyasi proseslər zəminində əsaslandıraraq dinləyicilərin nəzərinə çatdırıb. A.Səfərli vurgulayıb ki, bəzi “işbaz”ların tələsinə düşməmək üçün son dərəcə ehtiyatlı olmaq, şübhəli məqamları dərhal polisə bildirmək, tanış olmayan insanlarla münasibətlər zamanı son dərəcə diqqətli olmaq lazımdır.
Maarifləndirici görüşün sonunda tələbələrin sualları cavablandırılıb.