Xəbərlər

Oktyabrın 27-də “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın 2025-ci il üzrə təqdimat mərasimi baş tutub. Tədbirdə dövlət qurumlarının rəhbər və nümayəndələri, özəl sektorun, ali təhsil müəssisələrinin və tərəfdaş təşkilatların nümayəndələri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov, ADPU-Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova və regionlardan yüksək balla ADPU-ya qəbul olunmuş tələbə qızlar da iştirak ediblər.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və elm və təhsil naziri Emin Əmrullayev qadınların təhsili və inkişafı istiqamətində həyata keçirilən layihələrin ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynadığını qeyd ediblər. Çıxışlarda vurğulanıb ki, qızların təhsilinə göstərilən diqqət yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə cəmiyyətin gələcək rifahı üçün əhəmiyyət daşıyır.
Nazir Emin Əmrullayev bildirib ki, Azərbaycanda ali təhsil alan qızların sayının artması təhsildə bərabər imkanların təmin olunması istiqamətində aparılan məqsədyönlü siyasətin nəticəsidir. O, vurğulayıb ki, uzunmüddətli perspektivdə bu təşəbbüslər cəmiyyətin sosial strukturunda müsbət dəyişikliklər yaradacaq, çünki bu gün ali təhsil alan qızlar gələcəkdə təhsilli və müasir düşüncəli analar kimi yeni nəsillərin formalaşmasına töhfə verəcəklər.
Tədbir çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın yeni iştirakçıları təqdim olunub, təqaüdçülər mükafatlandırılıblar. Təqaüdçülər arasında ADPU-nun Cəlilabad filialının I tədris ilinin tələbəsi Fərziyeva Ramidə Fərhad qızı da yer alıb.
Qeyd edək ki, 2021-ci ildən həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” çərçivəsində indiyədək 250-dən çox qız tələbəyə təhsil və inkişaf dəstəyi göstərilib. Proqram aztəminatlı və həssas qruplardan olan, regionlar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş gənc qızların təhsilinə dəstək məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.