Xəbərlər

31 mart 2026-cı il tarixində ADPU Cəlilabad filialında “31 Mart Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ə.Mirzəzadə, F.Mürsəlli, struktur-bölmə əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent X.H.Sultanlı açaraq Azərbaycan xalqının tarixində silinməz iz buraxan faciələrdən birinin “31 Mart Soyqırımı” olduğunu vurğulayaraq, erməni vandalizminin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən bəhs edib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə çıxışında 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirdiyini bildirib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi F.Mürsəlli 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakinin, eləcə də Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələrin yandırılıb və uçurulduğunu, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi yandırıldığını , 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçün pusquya salınaraq son nəfərinədək məhv edildiyini söyləyib.
Daha sonra filialın tələbələri F.İmanova, A.Məmmədova tarixi günlə bağlı öz çıxışlarını ediblər.Tədbirin sonunda “31 Mart Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunan video-çarx təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.