Xəbərlər

05 noyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfərimiz” adlı tədbir keçirilib. Tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültə dekanlığının nümayəndələri, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin əməkdaşları, aidiyyatı struktur bölmələrin işçi qrupu, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.

Xüsusi dəvətlilər olaraq Şəhid ailə üzvləri və Qazilərimizin də qatıldıqları Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb. Sonra Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Möhtəşəm Zəfərimizlə nəticələnən 44 Günlük Vətən Müharibəsinin başlanma məqamını tariximizin ən şanlı, şərəf dolu anlarından biri kimi qeyd edən ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı əslində bu qələbənin bünövrəsinin vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkib. Ötən illər ərzində Azərbaycanımızın keçdiyi böyük inkişaf yolundan danışan natiq bu uğurlu dövlətçilik strategiyaların təməl prinsiplərinin məhz Ulu Öndər tərəfindən hazırlandığını, qazanılan bütün nailiyyətlərin əsasında onun müəyyənləşdirdiyi siyasi kursun davamçısı, ölkə Prezidentimiz Cənab İlham Əliyevin olduğunu, məhz, bu əsasda daha yüksək zirvələrin fəth edilərək parlaq ideyaların həyata keçirildiyini vurğulayıb.

Direktor X.Sultanlı bildirib ki, Azərbaycan Ordusunun 2020-ci ilin sentyabr ayının 27-də Respublikamızın Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə Ermənistan silahlı qüvvələrinə qarşı başlatdığı əks-hücum əməliyyatında qazanılan möhtəşəm qələbə xalqımızın könül başçasında əbədi olaraq öz yerini almışdır. Bu möhtəşəm Zəfərin qazanılmasında güclü Dövlət, cəsur Ordu strategiyası, Milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi dayanır.

Vətən Müharibəsində Azərbaycan hərb tarixində yenilikçi strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm vermişdir. Nəticədə həm sürətlə irəliləmə taktikasını həyata keçirərək uzun illər işğal altında olan ərazilərimiz yağılardan təmizləmiş, həm də düşmənin bütün hərbi texnikasını darmadağın edərək canlı qüvvəsinə ciddi zərbələr endirmiş, müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu fakti­ki olaraq iflic vəziyyətinə gətirmiş, başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanın­da əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirlərinin səyi, ümumilikdə isə Dövlət-Ordu-Xalq birliyinin heyrətamiz gücü ilə düşmən məhv edilmişdir. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirmişdir.

Sonra məruzə üçün söz Filialın Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarixçi Şöhrət Namazovaya verilib. O, geniş məruzəsində tariximizin Vətən Müharibəsindən üzü ağ çıxdığını, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın onillər ərzində qurduğu istehkamlarını darmadağın etdiyini, bu minvalla böyük zəfərə imza atıldığını tarixi faktlarla əsaslandırıb. Həmçinin müharibəni yaradan səbəbləri, düşmənin fitnəkar addımlarını, xarici havadarlarının iç üzlərini siyasi mərhələlərlə peşəkar bir dildən izah edən Ş.Namazova Möhtərəm Prezidentimiz, Cənab İlham Əliyev tərəfindən onların beynəlxalq müstəvidə ifşa edildiyini əsaslı dəlillərlə tədbir iştirakçılarına izah edib.

Cəsur döyüşçü, Vətən Müharibəsi Qazisi Sadıqov Nicat Natiq oğlu çıxışında onlar üçün göstərilən qayğı və diqqətə görə Respublika Prezidentimiz Cənab İlham Əliyevə minnətdarlığını bildirərək Filial rəhbərliyinə də təşəkkür edib. Vətənin keşiyində durmaq üçün hər an hazır olduğunu söyləyərək birlik və bərabərliyimizin daim var olmasını arzulayıb. O, məhz belə olacağı təqdirdə heç bir fitnəkar, dağıdıcı gücün Azərbaycan əsgəri qarşısında duruş gətirə bilməcəyini vurğulayıb; yaşasın Azərbaycan xalqı, yaşasın Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev!.. Qazimizin səmimi çıxışı alqışlarla qarşılanıb.

Şanlı Zəfər Bayramımızın şəninə uyğun olaraq ADPU-nun Cəlilabad filialının tələbələri Rəhman Feyziyev, Tərlan Seyfullayev, Ceyhunə Ağaverdiyeva, məzun Asif Əsədov məzmunlu musiqi ifaları ilə Şanlı Zəfər tədbirimizə rəng qatıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.