Xəbərlər

Ad gününüz mübarək Cənab Prezident

     24 dekabr Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin doğum günüdür. Bu münasibətlə Möhtərəm Prezidentimizi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının kollektivi adından təbrik edir, sonsuz hörmət və ehtiramımızı bildirərək Azərbaycanımızın bütövlüyü naminə gələcək  fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!

Böyük ehtiramla; ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı

Xəbərlər

Tələbə Gənclər Təşkilatının Idarə Heyətinin Görüşü Olub.

Görüşdə Tələbə Gənclər Təşkilatının sədri Sevda Şahmarova və TGT klublarının sədr müavinləri ilə yanaşı Keyfiyyətin təminatı şöbəsinin müdiri, Tələbə Elmi Cəmiyyətinin sədri, filialın baş müəllimi Dürdanə Əliyeva da iştirak edib.

Tədbir iştirakçıları verilən təklifləri, gələcək layihələri birlikdə müzakirə ediblər.

Tələbələri bu il də əyləncəli tədbirlər, səfərlər və yarışlar gözləyir.

Xəbərlər

Bir Qrup Tələbəmiz Zaqatala Rayonunda Yerləşən Olimpiya İdman Kompleksində “Poliqon” Gənclərin Hərbi-Vətənpərvərlik Düşərgəsində Iştirak Etmişlər

Gənclər və İdman Nazirliyi tərəfindən 27 sentyabr – 2 oktyabr tarixlərində Zaqatala rayonunda yerləşən Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil edilmişdir. Proqrama uyğun olaraq, düşərgədə maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, mühazirələr, diskusiyalar, hərbi-fiziki təlimlər, intellektual və idman yarışları keçirilmişdir.

ADPU-nun Cəlilabad filialının tələbələri üçün düşərgə çox uğurlu olmuşdur. Belə ki, düşərgədə iştirak edən 4 tələbəmiz: Əlizadə Aytən İslam qızı Kapitan birinciliyi, Qrup ikinciliyi və müvafiq medalla; Məmmədli Elnurə Aftandil qızı Qrup birinciliyini əldə edərək müvafiq medalla; Əzimov Məhəmməd Aydın oğlu Qrup üçüncülüyü, uyğun medalla; Məmmədov Elmar Elman oğlu isə Qrup dördüncüsü olaraq, hər biri aidiyyatı sertifikatlar əldə etmişlər.

Xəbərlər

Cəlilabad Rayonunun Təzəkənd Kəndində Tarixi Məkan Aşkarlanmışdır

Cəlilabad rayonunun Təzəkənd kəndinin cənub-qərb hissəsində yeni yaşayış məskəni aşkar olunmuşdur. Təsərrüfat işləri zamanı üzə çıxan mədəni təbəqə burada tarixin qədim izlərinin olduğundan soraq verir. Aşkar olunanan çoxsaylı maddi-mədəni nümunələrinin araşdırılması ilə bağlı Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilmiş, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna bu barədə məlumat verilmişdir.

Araşdırma işlərinin həyata keçirilməsində Filialımızın “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə tədqiqatçı

Ələsgər Mirzəzadə yaxından iştirak etmişdir.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad Filialının Bir Qrup Tələbəsi Cəlilabad Şəhər Mərkəzi Stadionunda Keçirilən Idman Yarışlarına Qatılmışlar

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti Gənclər və İdman Nazirliyi ilə birlikdə “Sağlam bədəndə sağlam ruh” devizi altında kross qaçış və gimnastika üzrə ölkə yarışlarının keçirilməsini nəzərdə tutmuşlar. Bu çərçivədə Cəlilabad rayon Polis şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 oktyabr 2022-ci il tarixində Cəlilabad şəhər Mərkəzi stadionunda keçirilən yarışa ADPU-nun Cəlilabad filialından bir qrup tələbə qatılmışdır.

Qeyd edək ki, mötəbər turnirdə Filialımızın “Tarix və coğrafiya” ixtisasının IV tədris ili tələbəsi Mirizadə Rəsul Rafiq oğlu kross qaçış üzrə III yerə layiq görülmüşdür.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad Filialında Yeni Arxeoloji Araşdırmalara Aid Seminar Keçirilib

11 noyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ələsgər Mirzəzadənin təqdimatında elmi seminar keçirilmişdir. Seminarda Filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqları professor Tufan Məmmədov, tarix üzrə fəlsəfə doktoru Vəfa Mahmudova, Cəlilabad rayonu Şatırlı kənd orta məktəbin tarix müəllimi, tədqiqatçı Elşad Əmənov, Filialın Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının professor-müəllim heyəti, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin əməkdaşları, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının tələbələri iştirak etmişlər.

Giriş sözü ilə bütün seminar iştirakçılarını salamlayan Filialın direktoru, dosent Xudayar Sultanlı AMEA-nın nümayəndələrinin Filialımızda görməkdən məmnun olduğunu, həmçinin onların ölkəmizin ən qədim tarixi yaşayış yerlərindən olan Cəlilabad rayonunda apardıqları müxtəlif tarixi-tədqiqat işlərini yaxından izlədiyini və bu araşdırmaların çox sevindirici olduğunu bildirib. Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Respublika Prezidentimiz Cənab İlham Əliyevin dövlətçiliyimizin bütün istiqamətlərində olduğu kimi, maddi-mədəni sərvətlərimizin qorunması istiqamətinə də həssas yanaşmasını yüksək qiymətləndirdiyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonra professor Tufan Məmmədov və Vəfa Mahmudova söz alaraq hal-hazırda Cəlilabad rayonunda apardıqları arxeoloji tədqiqat işləri haqqında seminar iştirakçılarına ümumi və maraqlı məlumatlar veriblər.

Baş müəllim, tarix üzrə tədqiqatçı Ələsgər Mirzəzadə Elmi seminarda geniş təqdimatla çıxış edib. O, xüsusən Cəlilabad rayonunun Üçtəpə ərazisində aparılan arxeoloji abidələrə aid maddi-mədəni nümunələr, onların tarixi, əhəmiyyəti barədə seminar iştirakçılarını məlumatlandırıb. Tələbələrin maraqlı və çoxsaylı suallarını ensklopedik çalarlarla cavablandıran Ə.Mirzəzadə həmin ərazilərdə hələ də bu istiqamətdə arxeoloji qazıntıların davam etdiyini və aşkar olunacaq hər yeni maddi mədəniyyət nümunəsinin Azərbaycan tarixinə zənginlik qatacağına ümüdvar olduğunu bildirib.

Xəbərlər

Noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günüdür!

Xatırladırıq ki, Dövlət Bayrağı Günü Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib.
Bayrağımız – Dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Ümumilli Lider Heydər Əliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad Filialının Tələbələri Hərbi Qənimətlər Parkında Olmuşlar

ADPU-nun Cəlilabad filialının Tələbə Gənclər Təşkilatı Rayon Gənclər və İdman idarəsilə birgə Hərbi Qənimətlər Parkına ekskursiya təşkil etmişlər. Ekskursiya zamanı tələbələr 44 günlük şanlı qələbəmiz məqamında müzəffər ordumuz tərəfindən düşmənin ələ keçirilən hərbi qənimətlərilə və ümumilikdə Parkla tanış olmuşlar. Eyni zamanda, Vətən Müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə ətraflı və əyani məlumatlar almışlar. Həmçinin, müharibə cinayətləri törətmiş düşmənin döyüş bölgəsindən uzaqda olan ərazilərimizə raket zərbələri endirməsi, dinc sakinlərimizin qətlə yetirilməsi və yaralanmaları barədə əlavə faktlarla da tanış olmuşlar. Bununla yanaşı onlar qənimət götürülən eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin faktiki yaşayış ərazilərimizə atılmış “İsgəndər-M” raketinin qalıqlarına da tamaşa etmişlər.

İnanırıq ki, Hərbi Qənimətlər Parkına ekskursiyalar Dövlət-Xalq-Ordu birliyimizin Vətən Müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında vətəndaşlarımızda dolğun məlumat yaratmaqla yanaşı, onlara daim qürurverici hisslər yaşadacaqdır.

Şanlı Zəfər Günü münasibətilə başda Möhtərəm Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını təbrik edir, bu uğurda canlarını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, Qazilərimizə Allahdan Şəfa diləyirik.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad Filialının Əməkdaşları Rayon Tədbirinə Qatılmışlar

 08 noyabr 2022-ci il tarixində Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Zəfər Gününə həsr olunmuş Rayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları Malik Həsənov, Elman Nəsirov, Şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk olaraq Şəhidlərimizin əziz xatirələrinin anıldığı Tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültə dekanlığının nümayəndələri, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin əməkdaşları, aidiyyatı struktur bölmələrin işçi qrupu, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək Respublikamızın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Vətənpərvərlik motivlərinin güclü nümayiş olunduğu Tədbir tamaşaçıların alqışları ilə qarşılanıb.

Xəbərlər

Şəhid Leytenant Kazımov Rusif Yusif Oğlunun Ev Muzeyi Ziyarət Olunub

ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı başda olmaqla Filialımızın kollektivi Şəhid leytenant Kazımov Rusif Yusif oğlunun ailəsinə baş çəkmişlər. Çox anlamlı görüşmədə erməni təxribatının qarşısını alaraq düşmənə layiqli cavab verən və bu uğurda sinəsini sipər edən xalqımızın cəsur övladının əziz xatirəsi anılıb, ailə üzvlərinə səbr dilənərək onların kədərləri paylaşılıb. Birlik və bərabərlik nümayiş etdirilərək Rusif kimi xalqın qeyrət rəmzi olan oğulların əziz xatirələrinin hər zaman qəlbimizdə yaşayacağı vurğulanıb.

Sonra Şəhidin Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən ev muzeyi ziyarət olunub. Bu igid övladımızın yağlı boya ilə hazırlanmış Portreti Filial kollektivi adından Qəhrəman Şəhidimizin Ev muzeyinə hədiyyə olunub.

Qeyd edək ki, Rusif Yusif oğlu Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 2003-2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbini bitirib, 2011-2014-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

2019-cu ildə Ağstafa rayonu N-saylı hərbi hissədə leytenant rütbəsində xidmət edib.

Azərbaycan Ordusunun leytenantı olan Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınması, Kəlbəcərin azad edilməsi, Suqovuşan istiqamətində geden döyüşlərdə, Şuşanın azad olunmasında, Laçın koridoru istiqamətində gedən döyüşlərdə iştirak edib. Rusif Kazımov 5 noyabr tarixində Şuşanın azad olunması uğrunda gedən şiddətli döyüşdə şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan başqa bu cəsur Vətən övladı 29.12.2020-ci il tarixli Sərəncama əsasən “Şuşanın azad olunmasına görə”; Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə 29.12.2020-ci il tarixli növbəti Sərəncama əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalları və “Dəmir yumruq” diplomu ilə təltif edilmişdir.

Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.