Xəbərlər

23.12.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Mahmud oğlu Ağayevlə görüş keçirilmişdir. Görüş Cəlilabad rayon Veteranlar Təşkilatı ilə birgə əməkdaşlıq şəraitində baş tutmuşdur.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirələri anılıb. Onlara xüsusi hörmət və ehtiram bildirilib.
Görüşdə giriş nitqilə sözə başlayan Rayon Veteranlar Təşkilatının şöbə müdiri Xeyrulla Şahbazov xalqımızın igid övladı, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin təqdimatını həyata keçirdikdən sonra sözü Rayon Veteranlar Təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin baş redaktoru Ədalət Salmana verib.
Qəhrəman xalqımızın keçmişindən bugünümüzə şan, şərəf dolu anlarından bəhs edərək sözə başlayan Ədalət Salman Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində qazanılan Böyük Qələbədən danışıb. Bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirərək mənfur düşməni diz çökdürmüş və beləliklə Şanlı Zəfəri bizlərə qazandırmış, vətənimizin igid, cəsur, qəhrəman övladlarından, onların fədakarlıqlarından söz açıb. Bildirmişdir ki, məhz, bu yüksək vətən sevgisi sayəsində tarixi ədalət bərpa olunaraq ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur.
ADPU-nun “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Şöhrət Namazova geniş nitq söyləyərək Vətən Müharibəsində qazanılan uğurlu nəticədən məmnunluğunu qeyd edib. Ana vətənimizin müdafiəsi zamanı göstərdiyi igidliyə görə həm də bir zamanlar şagirdi olan Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevə öz minnətdarlığını bildirərək ölkəmizin belə oğulları var olduqca xalqımızın daim qürur dolu anlar yaşayacağına sonsuz inancını bildirmişdir.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov qeyd edib ki, Vətən müharibəsi zamanı hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz hər birimiz vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz ailələrinə mütəmadi olaraq baş çəkməli, qazilərimizin qayğısına qalmalı, döyüşən ordu mənsublarımızın hörmət və ehtiramlarını layiqincə dəyərləndirməliyik. Dövlət-Xalq-Ordu birliyimiz və Qəzənfər Ağayev kimi oğullarımız var olduqca “Dəmir Yumruq” daim düşmənlərimizin başı üzərində olacaqdır.
ADPU-nun “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə gənc, müstəqil dövlətimizin demokratik inkişafı yolundakı dahiyanə çalışmalarının bu gün artıq öz bəhrəsini verdiyini, Onun layiqli davamçısı, Respublikamızın Prezidenti Cənab İlham Əliyevin misilsiz xidmətlərilə isə daha da şaxələndiyini bildirib. Qəzənfər Ağayev kimi oğullarımızı yetirən Azərbaycan xalqına minnətdarlıq nümayiş etdirmişdir.
Sonra Azərbaycan Yazıçılar Birliyinin üzvü, veteran müəllim Əfrahim Abbas çıxış edərək igid Azərbaycan övladı Qəzənfər Ağayevlə görüşün önəmini vurğulayaraq tədbir iştirakçılarına çağırışlarını poetik müraciətlərlə ifadə edib. Artıq məğlub deyil, qalib xalq olduğumuzun qürurunu yaşamağın hər birimizin haqqı olduğunu bildirib. Böyük gücümüzün mayasını təşkil edən birlik və bərabərliyimizin daimi olmasının vacibliyini qeyd edib.
Qarabağ Müharibəsi Veteranı, yazıçı Qurban Əhməd böyük iftixar hissilə səsləndirdiyi coşqulu nitqində bu şərəf dolu tariximizin soydaşlarımız, qəlbi Azərbaycanımızla döyünən bütün xalqımız üçün nə qədər önəmli olduğunu nümunələrlə, poetik təfəkkür tərzilə işıqlandırıb. Əsaslı faktlar səsləndirərək Qəzənfər Ağayev kimi mərd oğullarımızın böyüməkdə olan gənc nəslimizin mədəni-mənəvi, vətənpərvərlik tərbiyəsi üçün daim nümunə olacağını vurğulayıb.
Xatırladırıq ki, Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Silahlı qüvvələrimizin Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin, Suqovuşanın və Ağdam rayonunun azadlığı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq xüsusi şücaət göstərmişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Respublikamızın Prezidenti Cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmişdir.
Bundan başqa, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti ilə seçildiyinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən “Suqovuşanın azad olunmasına görə”; Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarınakı cəsur döyüş tapşırıqlarının yerinə yetirilməsinə görə 24.06.2021-ci il tarixli Sərəncama əsasən “Ağdamın rayonunun işğaldan azad olunmasına görə”, Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə 24.06.2021-ci il tarixli Sərəncama əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Qəhrəman övladımız Qəzənfər Ağayevə Vətən qarşısındakı fədakar xidmətlərinə görə minnətdarlığımızı bildiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.