Ümumilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırmışdır. Onun vaxtilə xalqımızın gələcəyi olan gənc nəslə diqqət və qayğısı dövlət siyasətinin prioritet istiqamətinə yüksəlmişdir. Məhz, Ulu Öndərin gənclər siyasətinin məntiqi davamı kimi 1997-ci ilin fevralın 2-də imzaladığı Fərmana əsasən “Azərbaycan Gəncləri Günü” təsis edilərək qeyd edilməyə başlanılmışdır.
Gənclərə böyük diqqət və qayğının təzahürü kimi meydana çıxmış olan bu uğurlu strategiya getdikcə ənənəvi hal alaraq, onların mədəni-mənəvi inkişaflarında qarşıya qoyulan hədəflərə çatmları üçün bütün maneələrin, problemlərin aradan qaldırılmasını da özündə ehtiva edirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1999-cu ilin iyulunda “Dövlət gənclər siyasəti haqqında” müvafiq Fərmanın imzalanması, dahi Lider tərəfindən gənc nəslimizin nümayəndələrinə, onların bir insan olaraq hərtərəfli inkişaflarına dünyada misli görünməmiş hörmətin, ehtiramın nişanəsi idi.
Həmçinin, 2002-2003-cü illərdə Gənclər siyasəti sahəsində həyata keçirilən parlaq fəaliyyətlər sayəsində ölkəmizdə “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” sənədlərin qəbul edilməsiylə istedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlik, onların bacarıq və qabiliyyətlərinin artırılmasını, formalaşdırılmasını təmin edən müvafiq “Dövlət Proqram”ları hazırlandı. Bunun əsasında da ölkəmizin əksər ərazilərində Gənclər mərkəzləri, idman kompleksləri, yaradıcılıq mərkəzləri fəaliyyətə başlayaraq gənclərin təhsili, təlim-tərbiyəsi, fiziki, elmi, sosial inkişaflarını ön plana çıxaracaq sözün əsl mənasında xalqımızın sağlam gələcəyi üçün misilsiz xidmətlər görüldü.
Bildirmək istərdik ki, Böyük Lider Heydər Əliyevin siyasi kursu Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, bu parlaq davamlılığın gənclərimizin inkişafı sahəsinə nəzər yetirsək ölkəmizdə həyata keçirilən çeşidli infrastruktur yenilənmələriylə gənclərimizin istifadəsinə verilən; Gənclər Mərkəzlərini, İdman komplekslərini, davam edən gənclər forumlarını, “2007-ci ilin Gənclər İli” elan edilməsini, gənclər haqqında “Dövlət Proqramları”nın və başqa çoxsaylı layihələrin qəbul edilməsini, xüsusilə gənc nəslimizin təhsili sahəsində qeyri-adi xidmətlərini böyük iftixar hissilə qeyd edə bilərik..
Vurğulamalıyıq ki, dövlətçiliyimizin gənc nəslimizin inkişafına bu son dərəcə düzgün və sistemli yanaşmaları, Heydər Əliyev Məktəbinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı da himayəsi altına alaraq bütöv Azərbaycanımızın hər bir ailəsində böyüyən nəslimizin gələcək potensiallarını artırmaq əzmində olmaqla, cəmiyyətimiz üçün ziyalılıq, elmi-texniki inkişafımızın tərəqqisi üçün çalışacaq, hüquqi-demokratik dövlət xidmətləri prosesində fəallıq nümayiş etdirəcək hədəflərə istiqamətlidir. İnkişaf təməlləri belə bir fundamental əsaslarla yoğrulan Azərbaycan gəncliyi Ölkəmiz üçün son dərəcə vacib olan sınaqdan uğurla çıxmaqla, yüksək vətənpərvərlik əzmini artıq bütün dünyaya nümayiş etdirmişdir. 2020-ci ilin 27 sentyabrında başlayan 44 Günlük Vətən Müharibəsində haqq çalışmasını vicdanla, ləyaqətlə, mərdliklə, igidliklə, heyrətamiz qəhrəmanlıqlarla həyata keçirən Azərbaycan Gəncliyi Dövlət Rəhbərliyimizin ətrafında sıx birləşərək “Dəmir Yumruq” təşkil etmiş, ölkəmiz və xalqımızın mənfur düşmənlərinə məhvedici zərbələr endirmiş, uzun illər düşmən tapdağında olan tarixi torpaqlarımızın azad edilməsində böyük xidmətlər göstərmişlər.
Ümidvarıq ki, bütün bəşəriyyətə örnək; haqq-ədalət, humanizm, mərdlik, multikulturalizm, ümuminsanlıq prinsiplərini həyata keçirən Heydər Əliyev Məktəbinin qürur dolu davamlı fəaliyyəti bütün dünya Azərbaycanlılarının gələcək yollarını daim nurlandıracaqdır!.