Cəlilabad rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ADPU Cəlilabad filialının rəhbər heyəti və tələbə kollektivi də iştirak edib.
14 oktyabr 2026-cı il tarixində Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, ADPU Cəlilabad filialının direktoru, dosent X.H.Sultanlı, filialın müəllim və tələbə heyəti, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Prezident cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin əhəmiyyətindən danışıb.
Rafiq Cəlilov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlərin əsasını təşkil edir. Ölkəmizdə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik qarşıya qoyulan strateji hədəflərin reallaşdırılması üçün möhkəm zəmin yaradır.
Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələrin vaxtında yerinə yetirilməsi, dövlət siyasətinin yerlərdə ardıcıl həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması və rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumlarının, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının və ictimaiyyət nümayəndələrinin birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb.
Müşavirədə çıxış edənlər Prezident cənab İlham Əliyevin qurultaydakı nitqindən irəli gələn vəzifələr, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və qarşıya qoyulan hədəflərin həyata keçirilməsində yerli təşkilatların rolu barədə fikirlərini bölüşüblər.
Tədbirdə müəyyən edilmiş vəzifələrin icrasının təmin olunması, dövlət qurumları ilə YAP-ın yerli təşkilatı arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşıda duran məsələlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.




