Xəbərlər

22 fevral 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi” və “Tələbə Gənclər Təşkilatı”nın birgə təşəbbüsü ilə 26 fevral Xocalı Soyqırımının 31-ci ildönümünə həsr edilmiş “XX yüzilliyin faciəsi” adlı dəyirmi masa keçirilib. Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndələrin müavini Rəcəb Sabir, filialın Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ələsgər Mirzəzadə və filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .
Tədbiri giriş sözü ilə Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov açıb. O, öz çıxışında Xocalı faciəsi, onun tariximizə yazılan və dərin iz buraxan yaralarından söz açıb. Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələrilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!..
Daha sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da tarixi hadisə haqqında maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb və tələbələr tərəfindən ona ünvanlanan sualları cavablayıb.
Tədbirdə “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Böyüməyən uşaqlar” filmi də nümayiş olunub.
Daha sonra filialın “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ə.Mirzəzadə də Xocalı Soyqırımı haqqında öz fikirlərini səsləndirib. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı XX əsrin genosid qurbanıdır. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır!
Tədbirdə filialın “Məktəbəqədər təhsil” ixtisasının I tədris ilinin tələbəsi, Xocalı sakini Məmmədova Azadə xanım da iştirak edib. O, ailəsinin, qohumlarının dəhşət dolu gecədə yaşadıqlarını göz yaşları içində tədbir iştirakçılarına çatdırıb. Tədbirin sonunda filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Ceyhunə Ağaverdiyevanın şeir ifası dinlənilib.
Xocalı və eləcə də bütün Şəhidlərimizin günahsız məramını böyük hörmətlə anır, onların məsum ruhları qarşısında baş əyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.