29 mart 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.N.Namazova, Ə.Mirzəzadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə filialın direktoru dosent X.H.Sultanlı açaraq azərbaycançılıq ideologiyasının real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitə olduğunu vurğulamışdır.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.N.Namazova öz çıxışında Heydər Əliyevin fəlsəfi baxışlarından nümunələr gətirdi. Ümummilli liderimizin fikrincə, azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməkdir. Ş.N.Namazova öz çıxışında azərbaycançılıq ideologiyasının ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməl olduğunu qeyd etdi.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası Azərbaycançılıqdır. Hər bir Azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz Azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”, – deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə də dəyirmi masanın mövzusu ilə bağlı dəyərli fikirlər söylədi.
Tədbirin sonunda Heydər Əliyev və Azərbaycançılıq ideologiyasını əks etdirən video-çarx izlənildi.