26 may 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında 2022/2023-cü tədris ili üzrə Pedaqoji təcrübənin yekunu ilə əlaqədar bağlanış konfransı keçirilib. Konfransda filialın pedaqoji fakültə dekanı M.A.Rəhimova, pedaqoji təcrübə rəhbəri B.C.Məhərrəmov, Keyfiyyətin təminatı şöbəsinin müdiri D.V.Əliyeva, professor-müəllim heyəti, buraxılış qrup tələbələri, Cəlilabad şəhər R.Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru S.Bağırov, Cəlilabad şəhər 3 nömrəli tam orta məktəbin direktoru M.Əsədov, Akademik Z.Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbin direktoru S.Şükürova, Cəlilabad şəhər 8 nömrəli Texniki və Humanitar fənlər üzrə məktəb-liseyin direktoru C.Abdullayev, Cəlilabad şəhər 9 nömrəli tam orta məktəbin direktoru A.Rzayev, Cəlilabad şəhər 10 saylı uşaq bağçasının müdiri G.Əzizova, Cəlilabad şəhər 2 saylı uşaq bağçasının müdiri A.Ağayeva iştirak ediblər.
Konfransı giriş nitqi ilə pedaqoji fakültə dekanı M.A.Rəhimova açaraq pedaqoji təcrübənin buraxılış qrupu tələbələrinin fəaliyyətlərində mühim rol oynadığını qeyd edərək, əksər tələbələrin sınaq dərslərində müvəffəqiyyət əldə etdiklərini və təhkim olunduqları təhsil müəssisələrindən müsbət, xoş rəylər eşidildiyini vurğulayıb. Daha sonra pedaqoji təcrübə rəhbəri B.C.Məhərrəmov cari ilin buraxılış qruplarının pedaqoji təcrübə ilə bağlı statistik nəticələrinin təhlilini dinləyicilərin diqqətinə çatdıraraq, sınaq dərslərinin məqbul və qənaətbəxş olduğunu söyləyib.
Tədbirdə eyni zamanda ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri çıxış edərək, cari ilin tələbələrinin öz nizam –intizamı, yüksək səviyyədə sınaq dərslərinin keçirilməsi ilə fərqləndiklərini vurğulayaraq ADPU-nun Cəlilabad filialının rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər.
Filialın professor-müəllim heyəti də tələbələrin pedaqoji fəaliyyətə atılan ilk addım sayılan təcrübənin onların həyatında mühim rol oynadığını vurğulayaraq, hər zaman müəllimlik peşəsini, adını uca tutmaları barədə öz metodiki tövsiyyələrini tələbələrin nəzərinə çatdırıblar.
Konfransın sonunda filialın rəhbərliyi tərəfindən pedaqoji təcrübə müddətində tələbələrimizi yüksək səviyyədə qəbul etdikləri və dəstək olduqları üçün ümumtəhsil məktəblərinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri təşəkkürnamə ilə təltif olunublar.