15 sentyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında 2023/2024-cü tədris ilinin başlanması ilə əlaqədar Bilik günü keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, pedaqoji fakültə dekanı M.A.Rəhimova, Tərbiyə işləri üzrə təşkilatçı A.R.İbişov, müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları, professor – müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib , daha sonra Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəli sükutla yad edilib.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent X.H.Sultanlı açaraq professor-müəllim heyətini, tələbələri, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. X.H.Sultanlı çıxışında ümummilli liderimiz H.Əliyevin 13 iyun 2000-ci il tarixli 349 saylı fərmanı ilə həmin ildən başlayaraq fəaliyyət göstərən filialın bu zaman çərçivəsində keçdiyi yoldan danışaraq, əldə olunan nailiyyətlərdən bəhs edib. Əsası Ümummili lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə Prezindenti möhtərəm İlham Əliyev cənabları tərəfindən təhsilə göstərilən yüksək dövlət qayğısından danışaraq yeni tədris ilində tələbələrlə aparılacaq işlər və professor-müəllim heyəti arasında qarşılıqlı fəaliyyəti, rəqabəti koordinasiya etmək məqsədilə keyfiyyətə təminat məsələlərinə daha da diqqətlə yanaşılacağını vurğulayıb. O, çıxışında həmçinin şanlı ordumuzun şücaəti sayəsində tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunmasından və həmin ərazilərdə infrastrukturların yenidən qurulmasından, Füzulidə, Cəbrayılda yeni təhsil müəssisələrinin fəaliyyətə başlamasından söz açıb.
Daha sonra pedaqoji fakultə dekanı M.A.Rəhimova tələbələri təbrik edərək, onları bu şərəfli peşəyə və şəhidlərimizin axıtdıqları qana layiq olmağı arzulayıb.
Eyni zamanda, tərbiyə işləri üzrə təşkilatçı A.İbişov, Respublikanın əməkdar müəllimi İ.Bağırov, baş müəllim Ə.Mirzəzadə, filialın tarix-coğrafiya müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Məmmədzadə İsmayılın valideyni Xəlil Məmmmədzadə, TGT sədri Nərmin İsmayılova öz ürək sözlərini bildiriblər.
Sonda 2023/2024-cü tədris ilində filialımızın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi Süleymanlı Ləman Əfqan qızı 509 bal topladığı üçün rəhbərlik tərəfindən hədiyyə ilə təltif edilib.
ADPU –nun Cəlilabad filialında bütün ixtisaslar üzrə 2023/2024-cü tədris ilinin ilk dərsi “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusuna həsr edilib.