14 aprel 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “ Ulu öndər Heydər Əliyevin siyasi irsi müstəqil dövlətçiliyimizin əsasıdır” adlı tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent Xudayar Sultanlı, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Ramil Əmənov, Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, filialın Pedaqoji fakültə dekanı Mənzilə Rəhimova, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti, əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ulu öndərimizin, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra, Heydər Əliyevin siyasi irsini özündə əks etdirən video-çarx izlənilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent, X.H.Sultanlı ulu öndərin ölkəmizdə təhsilimizin inkişafında, dövlətimizin müstəqilliyinin əldə edilməsində və onun qorunub saxlanılması istiqamətində olan əvəzsiz xidmətlərindən ətraflı söz açıb.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında Ümummili lider Heydər Əliyevin Azərbaycan tarixində həyata keçirdiyi uğurlu islahatlardan bəhs edib.
Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov Heydər Əliyevin gənclər siyasətindən bəhs edərək, onların inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Ramil Əmənov ulu öndərin dünya miqyasında tutduğu liderlik mövqeyindən söz açıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi Fuad Mürsəlli Azərbaycan Respublikasının Konstitusiyasının formalaşdırılmasında Heydər Əliyevin rolundan bəhs edib.
Daha sonra filialın Tarix və coğrafiya müəllimliyi ixtisasının I tədris ilinin tələbəsi, eyni zamanda Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin bacısı Ayna Fərəcova Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində müstəsna xidmətləri ilə əbədilik qazanmasını və dünya tarixinə parlaq, silinməz iz qoymuş böyük şəxsiyyət olduğunu vurğulayıb.
Tədbirin sonunda filialın direktoru, dosent X.H.Sultanlı tərəfindən Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə pedaqoji fakültə dekanı, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və fəal tələbələri fəxri fərmanla təltif olunublar.