20 sentyabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Əsrin müqaviləsi”nə həsr olunmuş “Milli uğur strategiyası” adlı tədbir keçirilmişdir. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ə.Mirzəzadə, F.Mürsəlli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisləri N.Babayev, Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dos. X.H.Sultanlı öz çıxışında əsasını Ulu öndər H.Əliyevin qoyduğu bu müqavilənin 29 il ərzində dövlətimizin inkişafında hansı rolu oynadığından geniş bəhs edib. Həmçinin, “Əsrin Müqaviləsi”nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq nümunəsi olduğunu vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli öz çıxışında Azərbaycan neft sənayesinin, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdiyini dinləyicilərin nəzərinə çatdırıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, bu müqavilənin imzalanması və uğurla həyata keçirilməsi istiqamətində görülmüş işlər nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun xeyli yüksəldiyini bildirib.
Tədbirin sonunda “Əsrin müqaviləsi”nin vacib məqamlarını özündə əks etdirən video-çarx iştirakçılar tərəfindən izlənilib.