Xəbərlər

01 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının birgə əməkdaşlığı çərçivəsində baş müəllim Ələsgər Mirzəzadənin “Vətən bizi unutmaz” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində filialın direktoru dosent Xudayar Sultanlı, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müdiri, c.ü.f.d Eldar Muradlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, mütəxəssis Nadir Babayev, baş müəllim Tofiq İsgəndərov, müəllim Fuad Mürsəlli, Cəlilabad rayon İcra Hakimiyyətinin Zopun ərazi dairəsi nümayəndəliyinin əməkdaşı Elçin Hüseynov, hərbi kapitan, şəhid Rəşad Quliyevin atası Əfras Quliyev, qazi Kənan Səlimov, şairə xanım, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ruhiyyə Abbaszadə, Cəlilabad rayon Zopun kənd sakini, vətənpərvər gənc Əsəd Abbasov iştirak ediblər. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent X.Sultanlı müəllifin kitabının I və II Qarabağ müharibəsində Cəlilabad rayonundan olan şəhid və qazilərin bir qisminə həsr edildiyini, kitabda şəhidlərimiz, qazilərimiz barədə olan informasiyaların gənc nəsillərdə vətənpərlik hislərinin daha da güclü aşılanmasına xidmət etdiyini vurğulayıb.
Müəllif tədbir iştirakçılarını kitabın yazılma dövrü və əsəri yazmaqdakı əsas missiya, hədəfləri barədə məlumatlandırıb.
Cəlilabad rayon İcra Hakimiyyətinin Zopun ərazi dairəsi nümayəndəliyinin əməkdaşı Elçin Hüseynov, şairə Ruhiyyə Abbaszadə Ə.Mirzəzadəni təbrik edərək, kitab barədə öz fikirlərini söyləyərək, bir vətəndaş olaraq şəhidlərimizin əziz xatirələrini daima uca tutmağa hər saniyə borclu olduqlarını bildiriblər.
Hərbi kapitan, şəhid Rəşad Quliyevin atası Əfras Quliyev bildirib ki, mən bir şəhid atası kimi öz övladımla fəxr edirəm. Şəhid atası oğlunun uşaqlıq xatirələri, hərbi xidmətləri barədə tədbir iştiraklarını məlumatlandırıb. Qazi Kənan Səlimov kapitanı Rəşad Quliyevin xatirələrindən söz açaraq, döyüş meydanında canı hesabına öz əsgərlərini son nəfəsinə qədər qoruduğunu bildirib.
Cəlilabad rayon Zopun kənd sakini, vətənpərvər gənc Əsəd Abbasov ölkəmizin igid oğulları, qəhrəmanları, şəhidləri, qaziləri barədə çox maraqlı faktlar üzərindən çıxış edərək tədbirə xüsusi rəng qatıb.
Tədbirdə filialın müəllimi Fuad Mürsəlli 44 günlük müharibədə igid oğulların qəhrəmanlıqlarından söz açaraq, təqdimat mərasiminin Laçın rayonunun işğaldan azad olunması kimi tarixi bir günə təsadüf etdiyini fəxr hissi ilə vurğulayıb.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi Nadir Babayev də müəllifi təbrik edərək, uğurlarının davamlı olmasını diləyib.
Tədbirin sonunda filial tələbələrindən Fəxriyyə Mahmudova, Zəhra Feyziyevanın şeir ifaları və Nərmin Kazımovanın çıxışı iştirakçılar tərəfindən çox maraqla qarşılanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.