07 dekabr 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi ilə TGT-nin nəzdində fəaliyyət göstərən Psixologiya klubunun birgə əməkdaşlığı çərçivəsində “Depressiya bir əhvaldır” adlı maarifləndirici görüş keçirilib. Görüşdə Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, filialda fəaliyyət göstərən Psixoloji mərkəzin müdiri, baş müəllim Afaq Səlimzadə, p.ü.f.d Xalidə Talıbova, baş müəllim Vəsilə Əzizova və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər. Görüşün əvvəlində Vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş nitqi ilə açan Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova bu mövzularda tədbirlərin, maarifləndirici görüşlərin keçirilməsinə daim ehtiyac duyulduğunu, aktual və prioritet sahələrdən biri olduğunu vurğulayaraq, klubun sədri, filialın Azərbaycan dili və ədəbiyyatı ixtisasının III tədris ilinin tələbəsi Aytac Talıblıya və üzvlərə fəaliyyətlərində uğurlar diləyib.
Maarifləndirici görüşdə Psixoloji mərkəzin müdiri, baş müəllim A. Səlimzadə mərkəzin yaranması, fəaliyyəti barədə tələbələri maarifləndirərək, daim onları narahat edən, həssaslıqla yanaşdıqları mövzularda daima onlara dəstək olacaqlarını bildirərək, depressiya haqqında informasiyalarla iştirakçıları məlumatlandırıb. Pedaqogika üzrə fəlsəfə doktoru X.Talıbova depressiya, onun əlamətləri, simptomları, səbəbləri, növləri, terapiya üsulları, depressiyadan qurtulmağın yolları barədə maraqlı məruzə edib.
Görüşün sonunda baş müəllim V.Əzizova filial tələbələri arasında aparılan “Bekin depressiya şkalası” testinin nəticələri barədə təqdimat apararaq, yekun nəticələri iştirakçıların diqqətinə çatdırıb.