29 mart 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında “31 Mart Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra soyqırım qurbanlarının və torpaqlarımız uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ş.M.Namazova öz çıxışında 31 Mart Soyqırımı zamanı xarici qüvvələrin ermənilərə dəstəyi ilə Bakı və regionlarda törədilən cinayətlərdən danışaraq S.Şaumyanın rəhbərlik etdiyi dövrdə 1918-ci ilin mart qırğınının genişlənməsi, daşnak-bolşevik dəstələrinin əhaliyə kütləvi divan tutması barədə geniş məlumat verib. Daha sonra Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II tədris ilinin tələbəsi S.Səfərova şeir nümunəsi ilə çıxış edib. Şeir ifasından sonra 31 Mart Soyqırımının vəhşiliklərini özündə əks etdirən video-çarx nümayiş etdirilib.