Xəbərlər

Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad filialının direktoru dosent Xudayar Sultanlı və filialın professor-müəllim heyəti ADPU-nun məzunu olan Vətən müharibəsi şəhidi baş leytenant Etiram Hüseynlinin ailəsini və məzarını ziyarət ediblər.
Görüş zamanı direktor dos. X.Sultanlı şəhidin yaxınlarını ADPU ailəsi adından qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, bu qürur dolu günləri bizə yaşadan, ərazi bütövlüyümüzü və suverenliyimizi təmin edən qəhrəman şəhidlərimizin ruhuna ehtiram ifadə edib.
Direktor Pedaqoji Universitet tərəfindən şəhid məzun və tələbələrin xatirəsinin əbədiləşdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Görüş zamanı Pedaqoji Universitet adından yeni çapdan çıxmış, Ehtiram da daxil olmaqla ADPU-nun Vətən müharibəsi və ondan sonrakı dövrdə şəhid olmuş tələbə və məzunlarının həyatı və döyüş yolu haqqında məlumatların əks olunduğu “Zəfərnamə (ADPU-nun qəhrəmanları)” adlı kitab ailəyə təqdim edilib. Sonra filial kollektivi ailə ilə birgə şəhidin məzarını və xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış guşəni ziyarət edib, məzarı üzərinə tər güllər qoyublar.
Qeyd edək ki, Etiram Həsən oğlu Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1994-cü ildə ADPU-nun İlkin hərbi və fiziki təlim fakültəsinə qəbul olunub, 1998-ci ildə təhsilini leytenant rütbəsi ilə başa vuraraq məzunu olduğu Lənkəran şəhər 6 saylı orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Etiram Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Etiram oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.
Ailəli idi. Bir oğlu yadigar qalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən baş leytenant Etiram Hüseynli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.