06 dekabr 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Fövqəladə hallarda özünü necə aparmalı” və “Yanğın təhlükəsizlik qaydalarına əməl etmək həyat fəaliyyətinin təhlükəsizliyinin qarantıdır” mövzularında Cənub Regional Mərkəzinin, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Cəlilabad və Masallı rayon DYMH-lərinin əməkdaşları ilə birgə nəzəri-praktiki maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirin nəzəri hissəsində iştirakçılara FHN-nin fəaliyyət istiqamətləri və “112 qaynar xətti” mövzusunda Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik-leytenant Ramin Rzayev, “Meşədə yanğın təhlükəsizliyi”, “İldırım” və “Dəm qazı” mövzularında Maarifləndirmə sektorunun müdiri Zaur Huseynov, “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Samir Kərimov, “Zəlzələ” mövzusunda Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin baş zabiti, mayor Mirxəzər Hüseynov və “Yanğın söndürmə vasitələri” Cəlilabad rayon DYMH-nin rəisi, d/x baş leytenantı Əliyar Məmmədov çıxış edərək mövzularla bağlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışlar. Tədbir zamanı keçirilən sərgidə tədbir iştirakçılarına yanğınsöndürmə və xilasetmə avadanlıqlarından istifadə qaydaları haqqında ətraflı məlumat verilmişdir. Tədbirin nəzəri hissəsi və texnika, avadanlıqların sərgisi başa çatdıqdan sonra tədbirin praktiki hissəsinə başlanıldı. Tədbirin praktiki hissəsinin keçirilməsində məqsəd Cənub Regional Mərkəzi, DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Cəlilabad rayon DYMH-nin, Masallı rayon DYMH-nin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının əməkdaşları ilə birgə fövqəladə hallarda xilasetmə əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin təşkili, bilik və bacarıqlarının yoxlanılması və artırılmasından ibarət olmuşdur.