Lənkəranda “Bir cənub şəhərində” adlı festival keçirilib.
Noyabrın 3-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional Bölməsi və “Citrus Valley” fermer təsərrüfatının birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyinin Lənkəran-Astara Regional Bölməsinin tərəfdaşlığı ilə Citrus Valley fermer təsərrüfatının ərazisində “Bir cənub şəhərində” adlı festival keçirilib. Festivalda ADPU Cəlilabad filialının müəllim və tələbə kollektivi də iştirak edib.
Festivalın açılış mərasimində çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətindən, regionun zəngin sitrus meyvəçilik ənənələrindən, aqrar potensialından və yerli istehsala gənclərin marağından bəhs edib. O, həmçinin ölkəmizdə gənclərin inkişafına, sahibkarlığın təşviqinə və regionların sosial-iqtisadi tərəqqisinə göstərilən dövlət dəstəyini vurğulayaraq, ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə olan xüsusi diqqət və qayğısını qeyd edib.
Daha sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı İlkin Quluzadə, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional Bölməsinin rəhbəri Elvin Nəhmətli, Regional İnkişaf İctimai Birliyinin Lənkəran-Astara bölməsinin rəhbəri İlkin Muradov və Citrus Valley fermer təsərrüfatının rəhbəri Rəftarə Şükürova çıxış ediblər. Çıxışlarda regionun aqrar və turizm potensialı, sitrusçuluğun inkişaf perspektivləri, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, yerli istehsalın təşviqi və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyəti barədə məlumat verilib.
Festivalda ölkədə fəaliyyət göstərən Gənclər Evləri və sahibkarlar iştirak ediblər. İştirakçıların təqdim etdiyi stendlərdə müxtəlif məhsullar, əl işləri və sahibkarlıq nümunələri nümayiş olunub, qonaqlara onların fəaliyyəti və istehsal imkanları haqqında ətraflı məlumat verilib.




