Xəbərlər

ADPU Cəlilabad filialında “Yaşıl Filial” təşəbbüsü və dayanıqlı şəhərsalma yanaşması çərçivəsində ağacəkmə və yaşıllıqlara qulluq tədbirləri həyata keçirilir.
26.11.2026-cı ildən etibarən ADPU Cəlilabad Filialında ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi, şəhərsalma mühitinin yaxşılaşdırılması və ekoloji dayanıqlılığın təşviqi istiqamətində ağacəkmə və yaşıllıqlara qulluq tədbirlərinə başlanılıb.
Təşəbbüs filialın 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planında (SİP) nəzərdə tutulan 6.6-cı strateji hədəf – “2030-cu ilə qədər ‘Yaşıl Filial’ təşəbbüsünü başlatmaq” məqsədinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən biridir. Eyni zamanda, bu fəaliyyət dayanıqlı şəhərsalma prinsipləri, yaşıllıq sahələrinin artırılması, ətraf mühitin estetik görünüşünün yaxşılaşdırılması və daha sağlam ekoloji mühitin formalaşdırılması ilə uzlaşır.
Tədbirdə Filialın direktoru, dosent X.H.Sultanlı, Tədris və elmi işlər üzrə direktor müavini E.Muradlı, Pedaqoji fakültənin dekanı E.İsmayılova, İnzibati və təsərrüfat işləri üzrə direktor müavini A.Ağahüseynov, Aqronom İ.Babayev və tələbələr iştirak edib.
Tədbir çərçivəsində filialın ərazisində 100-dən artıq ağacın əkilməsi nəzərdə tutulur. Artıq ağacəkmə işlərinə başlanılıb və ağacların bir qismi əkilib. Əkin zamanı ərazinin iqlim və torpaq şəraitinə uyğun meyvə və dekorativ ağac növlərinə üstünlük verilir. Ağacların əkilməsi ilə yanaşı, mövcud yaşıllıqlara qulluq, ağacların budanması, kök və budaq sisteminin inkişaf xüsusiyyətləri, düzgün əkin və qulluq qaydaları barədə praktiki biliklərin əldə edilməsinə də diqqət yetirilir.
Tədbirdə filialın Aqronomluq ixtisası üzrə təhsil alan tələbələr və digər ixtisasların tələbələrinin iştirakı nəzərdə tutulur. Tələbələr ağacların əkilməsi, kök sisteminin formalaşması və inkişafı, budaqların düzgün budanmasının ağacların böyüməsinə və sağlamlığına təsiri, eləcə də yaşıllıqlara qulluq qaydaları ilə bağlı praktiki bilik və bacarıqlar əldə edirlər. Bu fəaliyyət tədris prosesində nəzəri biliklərin praktiki tətbiqinə, tələbələrin aqroekoloji biliklərinin inkişafına və təbiətə qayğı mədəniyyətinin formalaşdırılmasına imkan yaradır.

“Yaşıl Filial” təşəbbüsü çərçivəsində həyata keçirilən ağacəkmə və qulluq tədbirləri filialın ekoloji dayanıqlılıq istiqamətində fəaliyyətinin mühüm tərkib hissəsidir. Təşəbbüs, həmçinin dayanıqlı şəhərsalma prinsiplərinin təşviqi, yaşıllıqların qorunması və artırılması, təhsil müəssisələrinin ətraf mühitin yaxşılaşdırılmasında rolunun gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.