ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı başda olmaqla Filialımızın kollektivi Şəhid leytenant Kazımov Rusif Yusif oğlunun ailəsinə baş çəkmişlər. Çox anlamlı görüşmədə erməni təxribatının qarşısını alaraq düşmənə layiqli cavab verən və bu uğurda sinəsini sipər edən xalqımızın cəsur övladının əziz xatirəsi anılıb, ailə üzvlərinə səbr dilənərək onların kədərləri paylaşılıb. Birlik və bərabərlik nümayiş etdirilərək Rusif kimi xalqın qeyrət rəmzi olan oğulların əziz xatirələrinin hər zaman qəlbimizdə yaşayacağı vurğulanıb.
Sonra Şəhidin Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən ev muzeyi ziyarət olunub. Bu igid övladımızın yağlı boya ilə hazırlanmış Portreti Filial kollektivi adından Qəhrəman Şəhidimizin Ev muzeyinə hədiyyə olunub.
Qeyd edək ki, Rusif Yusif oğlu Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 2003-2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbini bitirib, 2011-2014-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
2019-cu ildə Ağstafa rayonu N-saylı hərbi hissədə leytenant rütbəsində xidmət edib.
Azərbaycan Ordusunun leytenantı olan Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınması, Kəlbəcərin azad edilməsi, Suqovuşan istiqamətində geden döyüşlərdə, Şuşanın azad olunmasında, Laçın koridoru istiqamətində gedən döyüşlərdə iştirak edib. Rusif Kazımov 5 noyabr tarixində Şuşanın azad olunması uğrunda gedən şiddətli döyüşdə şəhid olmuşdur. Cəlilabad rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Bundan başqa bu cəsur Vətən övladı 29.12.2020-ci il tarixli Sərəncama əsasən “Şuşanın azad olunmasına görə”; Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə 29.12.2020-ci il tarixli növbəti Sərəncama əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalları və “Dəmir yumruq” diplomu ilə təltif edilmişdir.
Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.