Xəbərlər

30-31 oktyabr 2026-cı il tarixində AMEA-nın Gəncə Bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyinə həsr olunmuş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfransı keçirilib. Konfransda ADPU Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra Hüseyn qızı da iştirak edib.
Mötəbər elmi forum Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Beynəlxalq Konfransa Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan, Almaniya və Rusiya Federasiyasının Kalmıkiya Respublikasından alim və tədqiqatçılar qatılıblar.
Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edib, müstəqil dövlətimizin banisinin heykəli önünə güllər düzərək, onun əziz xatirəsinə bir daha ehtiram bildiriblər.
Sonra konfrans iştirakçıları AMEA-nım Gəncə Bölməsinin böyük akt salonunun qarşısında bu elm ocağında aparılan elmi tədqiqatlardan, o cümlədən nizamişünaslığa aid nailiyyətlərdən bəhs edən sərgiyə tamaşa ediblər.
Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıların diqqətinə AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış kiçik film də təqdim olunub. Bu videomaterialda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin konfrans iştirakçılarına təbriki də yer alıb.

AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Beynəlxalq konfransı açaraq, iştirakçıları və qonaqları dahi şair və mütəfəkkir Nizaminin doğma yurdu, qədim və müasirliyin, həmçinin milli və ümumbəşəri dəyərlərin qovuşduğu məkan olan Gəncə şəhərində salamlayıb, bu mötəbər elmi forumun işinə müvəffəqiyyətlər arzulayıb.
O, AMEA-nın prezidenti İsa Həbibbəylinin bu mötəbər konfrans münasibətilə iştirakçılara təbrik və uğur arzularını da çatdırıb.
Akademik F. Əliyev çıxışında həmçinin xatırladıb ki, Ulu Öndər Heydər Əliyev Respublikamıza rəhbərlik etdiyi andan etibarən Azərbaycanın müxtəlif əsrlərdə yaşamış klassiklərinin, onların fikirlərinin dərindən öyrənilməsi və geniş təbliği məsələlərini milli şüur və ideologiyamızın zənginləşdirilməsinə təkan verə bilən başlıca amillərdən hesab edib; təsadüfü deyil ki, o dövrdən bəri klassiklərimizin zəngin dünyası uşaq ədəbiyyatı və dərsliklərdən tutmuş, bədii nümunələrə, elmi araşdırmalara, incəsənətə, teatr, kino və televiziyaya, musiqi əsərlərinə dərindən sirayət edib.
Akademik F. Əliyev həmçinin Ümummilli Lider Heydər Əliyevin daim Azərbaycanın tarix və mədəniyyətində əlamətdar şəhər olan Gəncənin, eləcə də onun böyük övladı Şeyx Nizaminin milli varlığımızda tutduğu uca mövqeyi yüksək dəyərləndirdiyini qeyd edib.
Açılış iclasında Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov da çıxış edib. O, beynəlxalq konfransın iştirakçılarına Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun salamlarını və uğur arzularını çatdırıb. Bədəlov hazırki beynəlxalq konfransın keçirilməsinin Gəncə alimlərinin daha bir uğuru kimi dəyərləndirib. Sonra AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini, f.ü.f.d., dosent Əlimuxtar Muxtarovun moderatorluğu ilə konfransın plenar iclası olub.
Bu əhəmiyyətli konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV tədris ilinin tələbəsi Hüseynzadə Mirzəhra da iştirak edərək filialımızı təmsil etmiş, sertifikat və hədiyyələrlə təltif edilmişdir.
Tələbizə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.