18 oktyabr 2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında Dövlət Müstəqilliyimizin Bərpası Günü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Pedaqoji fakültə dekanlığının əməkdaşı Elnarə İsmayılova, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi Şöhrət Namazova, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisləri Nadir Babayev, Dəyanət Əskərov və müxtəlif ixtisas qruplarının tələbələri iştirak etmişlər.
İlk olaraq Dövlət Himnimiz oxunmuş və Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi Şöhrət Namazova tərəfindən Dövlət Müstəqilliyimizin bərpasına qədərki dövr ərzində xalqımızın keçdiyi tarixi, ictimai-siyasi proseslər haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmişdir. Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunub. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad edilərək, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
2022-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ikinci dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb etməkdədir.
Sonra filialın “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə müstəqilliyimizin möhkəmlənməsi uğrunda misilsiz xidmətlərindən söz açıb. Bu böyük kursun layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin xüsusi xidmətlərindən danışıb. Natiq bildirib ki, bu gün müstəqil vətənimiz olan Azərbaycan Respublikası dünyada xüsusi yeri, sözü olan qüdrətli bir Dövlətə çevrilmişdir. O, bu münasibətlə tədbir iştirakçılarını təbrik edərək müstəqil Azərbaycanımızın daha da güclənməsi istiqamətində onlara uğurlar arzulayıb.
Tədbirin sonunda Tarixi Günlə əlaqədar olaraq video-çarx nümayiş etdirilib.