Famil Vüqar oğlu Ağaşov 19 sentyabr 1998- ci ildə Cəlilabad şəhərində anadan olmuşdur. 2017- ci ildə Cəlilabad şəhər 3 saylı tam orta məktəbi bitirmişdir. O, 2017-ci il iyulun 28-də hərbi xidmətə yollanmış, əsgərlik borcunu yerinə yetirdikdən sonra 2019-cu ilin yanvar ayında ordudan təxris olunmuşdur.
Famil öz Vətənini sevən bir hərbiçi kimi müddətdən artıq xidmət etmək üçün hələ 10 noyabr 2019-cu ildə yenidən hərbi xidmətə qayıtmışdı. O, torpaqlarımızın azadlığı uğrunda apardığımız Vətən müharibəsi başlanan gündən döyüşlərdə iştirak edirdi; Xocavənd istiqamətində gedən əməliyyatlarda şücaətlə xidmət etmiş, erməni faşistlərinin məhv edilməsində igidlik göstərmişdir.
Ağaşov Famil Vüqar oğlu Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində aparılan döyüşlər zamanı 8 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Famil Ağaşov ölümündən sonra “Vətən uğrunda” medalı ilə; Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 25.12.2020-ci il tarixli sərəncama əsasən “Füzulinin azad olunmasına görə”; Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan şiddətli döyüş əməliyyatlarında xüsusi igidlik və şücaət nümayiş etdirdiyinə görə isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Vətənimizin igid oğlu Famil Ağaşovun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.