Bu gün Təhsil Tələbə Krediti Fondunun sədr müavini Tahir Xələfov, Fondun baş mühasibi Orxan Abbasov, Fond sədrinin köməkçisi Ağca Məmmədova ADPU-nun Cəlilabad filialında ödənişli əsaslarla təhsil alan tələbələrlə görüş keçirmişlər.
Görüş Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin anılması ilə başlayıb.
İlk olaraq ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı, Respublika Prezidentimiz Cənab İlham Əliyevin ölkəmizdə apardığı uğurlu islahatların məntiqi yekunu olaraq, çoxsaylı sosial yönümlü layihələr haqqında iştirakçılara ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, vətəndaşlarımızın sosial həyat səviyyəsinin daha da yüksəldilməsinə yönəlmiş bu humanist addımlar ziyalı cəmiyyətimiz, parlaq gələcəyimiz üçün misilsiz xidmətlərdir.
Sonra Fondun sədr müavini Tahir Xələfov tələbələrə təhsil istiqamətində bütün maddi çətinlikləri aradan qaldıracaq bu sosial layihə haqqında məlumat verərək, onlara yaradılmış bu imkanlardan yararlanmağa səsləyib.Tələbə kreditinin maliyyə hesablamaları ilə fərqli üstünlüklərini nəzərə çatdırıb.
Daha sonra sədr köməkçisi Ağca Məmmədova tələbələrin ünvanladığı çoxsaylı sualları cavablandıraraq illik hesablamalara aydınlıq gətirib. Təhsil kreditinin əldə olunması üçün zəruri məlumatları tələbələrlə paylaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev 2021-ci il 17 iyun tarixli 1367 nömrəli fərmanı ilə Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
Fondun öz vəsaiti hesabına tələbələrə təhsil tələbə kreditinin verilməsinə dair tələbləri, təhsil tələbə kreditinin verilməsi prosedurunu, təhsil tələbə krediti üzrə hüquqların əldə olunmasını və kreditin qaytarılmasını, habelə təhsil tələbə krediti ilə bağlı digər məsələləri tənzimləyən normativ sənədlər hazırlanıb.
Həmçinin, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna biləcəyi vurğulanıb.