Bu gün ADPU-nun Cəlilabad filialında 27 sentyabr-Anım Gününə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Abdullayev Rəşad Arif oğlunun ailə üzvü, Vətən müharibəsi qazisi, Cəlilabad rayon II Qarabağ qaziləri ağsaqqalı Əliyev Məhərrəm Şahmirzə oğlu, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Xudayar Sultanlı açıb. Bu qələbənin əsasının hələ vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkərək bir xalq kimi milli-mənəvi dəyərlərimizi özümüzə qaytaran unudulmaz Liderin bizlərə miras qoyub getdiyi, ən ali məramlarından olan Azərbaycançılıq ideyalarını dəyərləndirib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev bu ülvi məqamı düzgün qiymətləndirmiş və Dövlətimizə, Ulu öndərimizin simasında bütün xalqımıza olan əhdini ləyaqətlə yerinə yetirmişdir. Məhz, onun yaratdığı “Xalq-Dövlət-Ordu” birliyinin gücü ilə dəmir yumruq düşmənə endirilmiş və mənfur düşmən kapitulyasiya aktı imzalamağa məcbur edilmişdir.
Sonra Filialın Pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimova çıxış edib. O, haqq savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açaraq şəhidlik məqamının müqəddəs olduğunu vurğulayıb.
Vətən müharibəsi qazisi, Cəlilabad rayon II Qarabağ qaziləri ağsaqqalı Əliyev Məhərrəm tədbirdə döyüş yoldaşlarının qəhrəmanlığından geniş söz açıb. Qazi döyüş zamanı bütün ordumuzun yalnız bir amal uğrunda mübarizə apardığını, məqsədlərinin dədə-baba ərazilərimizin yağı düşməndən azad etmək olduğunu qeyd edib.
Daha sonra məruzə üçün söz “Dil-ədəbiyyat, pedaqoji elmlər, onların tədrisi metodikasının müəllimi Dəyanət Əskərova verilib. O, “Müharibənin güc yolu ilə həlli qaçılmaz idi” mövzusuna toxunmaqla pak xalqımızın daimi olaraq erməni mənfurlarının təcavüzlərinə məruz qaldığını faktlarla əsaslandırıb, “Xalq-Dövlət-Ordu” birliyinin üstünlüklərindən danışıb.
“Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ələsgər Mirzəzadə çıxışında tarixi torpaqlarımızın onillər idi ki, düşmən işğalında olmasını, 44 günlük Vətən Müharibəsinin məhz, bu işğala birdəfəlik son qoymaq üçün Ali Baş komandan tərəfindən başladıldığını qeyd etdib. Tarixi qələbəmizi şərtləndirən amillərdən söz açaraq bu qələbə ilə milli kimliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdiyimizi vurğulayıb.
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə III tədris ilinin tələbəsi Feyziyeva Zəhranın ifasında şəhidlərimizin əziz xatirələrinə həsr olunmuş şeir ifası dinlənilib.
Filialın “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə IV tədris ilinin tələbəsi Aytac Həsənovanın Vətən Müharibəsinə həsr olunmuş video təqdimatı olub.
“Məktəbəqədər təhsil” ixtisasının” II tədris ili üzrə tələbəsi Zülfiyyə Qaraşovanın təqdimatı isə Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovaya həsr olunub. “Cənnətdən məktub” adlı video təqdimat izləyicilərə duyğulu anlar yaşadıb.