02.12.2022-ci il tarixində ADP-nun Cəlilabad filialında Elmi Şuranın iclası olub. İclas vətənimizin bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələrinin anımı ilə başlayıb.
İclasın sədri, ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı giriş sözünə iştirakçıları salamlamaqla başlayıb. Filialın tədris, elmi, tərbiyə, nizam-intizam işlərinin bir çox sahələrinə toxunub. 2022/2023-cü ilin fəaliyyət planlarına uyğun olaraq Filialda görülmüş işləri dəyərləndirib. O, qeyd etmişdir ki, Respublika Prezidentimiz Cənab İlham Əliyevin əsaslı göstərişləri sayəsində bu gün təhsil sistemimiz durmadan inkişaf etməkdə, infrastrukturlarımız yenilənməkdə, maddi-texniki bazamız möhkəmlənməkdə, dəyərlərimizə dəyər qatılmaqdadır. Bu baxımdan Filial kollektivinin vəzifə öhdəliklərinin, hüquq və səlahiyyətlərinin həyata keçirilməsi üçün lazımı şəraitin yaradıldığını və müntəzəm olaraq daha da inkişaf etdiriləcəyini diqqətə çatdırıb. Bildirib ki, belə bir əlverişli şəraitdə elmi-tərəqqi istiqamətində çalışmalarımızın keyfiyyətini bir qədər də artıraraq tələb olunana ən yüksək standartlara çatdırmalıyıq.
Sonra Keyfiyyətin Təminatı şöbəsinin müdiri Dürdanə Əliyeva 2022/2023-cü tədris ili boyunca keçiriləcək institusional akkreditasiya prosesinin gedişi barədə geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, professor-müəllim heyətinin elmi araşdırmaları, çap olunan hər yeni materialları barədə operativ olaraq aidiyyatı struktur bölmələrinə məlumatlar verilməlidir.
Pedaqoji fakültənin dekanı, baş müəllim Mənzilə Rəhimova payız semestrinin sona yaxınlaşması ilə əlaqədar olaraq professor-müəllim heyətinə imtahan suallarının hazırlanmasında son dərəcə diqqətli olmaları və obyektivliyin qorunması istiqamətində tövsiyələrini verib.
Daha sonra 2022/2023-cü tədris ilində Qış mövsümünə hazırlıqla əlaqədar olaraq İnzibati və təsərrüfat işləri üzrə direktor müavini Amid Ağahüseynovun bütün istilik təchizatının, avadanlıqların texniki təchizatının, təsərrüfat bölmələrinin tam hazır vəziyyətə gətirildiyi haqqında hesabatı təqdim olunub. Elektrik verilişi və müvafiq təsərrüfat təminatı məsələlərində Filialın işinə mütəmadi olaraq dəstəyin diqqət mərkəzində saxlanılacağı bir daha qeyd olunub.
“Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyaları” kafedrasının müdiri, dosent Yadulla Dadaşlı söz alaraq kafedra əməkdaşları tərəfindən yeni elmi-tədqiqat işləri, aparılan araşdırmalar və çap edilən əsərlər barəsində Şura üzvlərinə məlumatlar verib.
Ümumi dinləmələri həyata keçirən Filialın direktoru, dosent X.Sultanlı bütün Pedaqoji Şura üzvlərinə müraciət edərək Ümummilli Liderimiz Heydər Əliyevin Anım mərasiminin və anadan olmasının 100 illik yubileyinin layiqincə qeyd edilməsindən ötrü artıq hazırlıqlara başlanılmasını tövsiyə edib. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 29 sentyabr 2022-ci il tarixində Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Sərəncamını xatırladaraq, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin müdiri Səbinə İsmayılovaya və Filialın müvafik struktur bölmə rəhbərliyinə bu istiqamətdə ciddi tapşırıqlar verərək bildirilib ki, Ulu Öndər H.Əliyevin ensklopedik çalarlı vətən xidmətləri professor-müəllim heyəti tərəfindən ətraflı araşdırılmalı, təhlil olunmalı, gələcəyimizə işıq saçan ideyaları tələbələrimizlə birgə geniş ictimaiyyətin diqqətinə çatdırılmalıdır.