Xəbərlər

ADPU-nun Cəlilabad filialında “İrəvan Müəllimlər Seminariyasının 140 İlliyi”nin keçirilməsi istiqamətində tədbirlər planına uyğun olaraq çalışmalar davam etdirilir. Filialının direktoru, dosent Xudayar Sultanlı vaxtilə əhalisinin böyük əksəriyyətinin Azərbaycanlı soydaşlarımızın yaşadığı, tarixi yurdumuz olan İrəvan şəhərində Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 illiyinin ölkəmizdə geniş miqyasda qeyd edilməsini məmnunluqla qarşıladığını qeyd etmişdir. Bildirmişdir ki, fəaliyyəti müddətində xalqımızın maariflənməsi istiqamətində çox böyük missiya həyata keçirən bu tarixi təhsil mərkəzimizin məzunları sonradan bütöv Azərbaycanımızın təhsili, dönəminin müasir zamanına inteqrasiyası istiqamətində yorulmadan çalışmışlar. Elə bu səbəbdən Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev 29 dekabr 2021-ci ildə imzaladığı Sərəncamı ilə “İrəvan Müəllimlər Seminariyasının 140 İlliyi”nin keçirilməsi, eləcə də əsaslı şəkildə elmi, maarifçi, mədəni işlərin görülməsi istiqamətində göstərişlərini vermişdir. Bu vacib yanaşma bir də ona görə əlamətdardır ki, Azərbaycan pedaqogika elminin daha geniş yayılması, xalq maarifçi hərakatımızın böyük bir dövrü İrəvan Müəllimlər Seminariyası” məzunlarının yorulmaz fəaliyyətləri, xalqımız arasında savadsızlığın aradan qaldırılmasındakı fədakar əməklərilə bağlıdır.
Filialın “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Yadulla Dadaşlı vaxtilə Azərbaycan xalqının ictimai-siyasi təqiblərə, təsirlərə məruz qaldığı bir vaxtda belə bir tarixi təhsil mərkəzi olan “İrəvan Müəllimlər Seminariyası”nın mövcudluğunun Azərbaycan xalqının milli oyanışına zəmin hazırladığını qeyd etmişdir. O, bildirmişdir ki, Seminariya məzunlarının maarifpərvər xidmətləri, bəzi çoxsaylı əngəllərə baxmayaraq inadlı mübarizələri nəticəsində digər ərazilərimizdə də məktəblərin, yeni təhsil ocaqlarının yaranmasına zəmin hazırlamışdır.
Filialda Kitabxana və elektron resurslar şöbəsinin müdiri, “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müəllimi, Filialın Həmkarlar Təşkilatının sədri Şahin Cəbrayılov xalqımız üçün parlaq tariximizi özündə yaşadan “İrəvan Müəllimlər Seminariyası”nın yaradıcı fəaliyyətinin həmçinin ana dilli təhsilimiz istiqamətinə də yeni tövhələr verdiyini vurğulamış, Azərbaycan dilçilik elminin təşəkkül tapdığı bir dönəmdə onun vacibliyi istiqamətinə maarifpərvər baxış etalonunun formalaşdırdığını qeyd etmişdır.
ADPU-nun Cəlilabad filialı olaraq tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə, ulularımızın maarifpərvər və unudulmaz fəaliyyətlərinə sahib çıxır, bu yolda əsl vətəndaşlıq amalını layiqincə yaşadanları hörmətlə yad edir, hər birimiz üçün çox vacib olan Dövlət-Xalq birliyimiz yolunu işıqlandıran və bu ideal-maarifçi təbliğini şərəflə yerinə yetirən “İrəvan Müəllimlər Seminariyası”nın tarixi fəaliyyətini iftixarla qeyd edir, xalq ruhumuza maarifçi toxumlarını səpmiş bu ulu təhsil ocağımızın zamanında var olmasını böyük qürurla anırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.