Xəbərlər

08.12.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialında QİÇS-lə mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Filialın direktoru, dosent Xudayar Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev, Azərbaycan Respublika Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad xanım Mahmudova, Cəlilabad rayon Ailə Sağlamlıq Mərkəzinin əməkdaşları; feldşer Məhəmməd Hüseynov, tibb bacısı Zeynəb Babazadə və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Tədbir vətənimizin bütövlüyü uğrunda canlarının fəda etmiş şəhidlərimizin əziz xatirəsinin anımı ilə başlayıb. Filialın direktoru, dosent X.Sultanlı giriş sözü ilə iştirakçıları, keçirilən tədbirin məqsədilə əlaqədar bir daha məlumatlandırıb. Qeyd edib ki, gənc nəslim təhsililə yanaşı onların sağlamlıq qayğıları da dövlətimizin daimi olaraq diqqət mərkəzində olmuşdur. Ona görə ki, gənclər cəmiyyətimizin ictimai-siyasi həyatında fəal iştirak edən aparıcı təbəqədir. Dövlət gənc nəslin təhsilinin yüksəlməsinə, mənəvi tərbiyəsinə önəm verdiyi kimi, onların sağlamlığının qorunmasına da strateji əhəmiyyətli bir məsələ kimi baxır və beləliklə bu sahəyə də xüsusi qayğı ilə yanaşır. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi gənclər siyasətini hazırda Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev uğurla inkişaf etdirməkdədir. Direktor bildirmişdir ki, bu gün də həyata keçirilən gənclər siyasəti çox geniş bir anlam ifadə edərək gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, həmçinin onların asudə vaxtlarının səmərəli təşkili nəzərə alınmaqla, ölkəmizin iqtisadi-siyasi və mədəni həyatında iştiraklarının tam təmin olunmasını əhatə edir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi D.Mahmudova tədbirdə geniş təqdimatla çıxış edib. O, insanın QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu), İmmunçatışmazlığı virusu haqqında əsaslı nəzəri dəlillərlə fikirlərini ifadə edərək, bu xəstəliyin həyatı təhdid edən təhlükələrindən uzaq durmağa səsləyib. İnsanlıq üçün dəhşətli xəstəlik olan QİÇS-in yoluxma səbəblərini: transplasentar yoluxma, qan transfuziyası zamanı yoluxma, İynələr/kanulalar vasitəsilə yoluxma və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verilmiş, proflaktiki tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır. Gigiyenik qaydalara əməl etməyin zəruri üstünlüklərinin sağlam yaşamımız üçün son dərəcə vacib məsələlərdən biri olduğu tədbir iştirakçılarına izah edilmişdir. Xüsusən, tələbələrin aktiv qatıldıqları tədbir, çoxsaylı sualların Mərkəzin həkimi D.Mahmudovanın əsaslı cavablandırmaları ilə müşayiət olundu.

Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev insanlıq üçün dəhşət saçan QİÇS-in təsirlərindən qorunmaq üçün maarifçilik təbliğatını davamlı olaraq həyata keçirən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə və təmsilən həkim D.Mahmudovaya təşəkkürünü bildirib. Qeyd edib ki, vətəndaşlarımızın, xüsusən gələcəyimiz olan gənclərimizin sağlamlıqlarının qayğısına qalmaq hər birimizin qarşısında duran ən vacib, təxirəsalınmaz tədbirlərdən olmalıdır. Çünki gənclərimizin inkişaf təməlini, ilk növbədə, yeni nəslin nümayəndələrinin böyüdüyü mühitin fiziki və mənəvi sağlamlıq vəziyyəti müəyyən edir. Məhz, “sağlam bədəndə sağlam ruh olar” məramına həmişə diqqət olunmalı, böyüyən nəslimizi arzuolunmaz vərdişlərdən qorumalı, uzaq tutmalı, zərərli vərdişlərin nələrə yol aça biləcəyini onlara izah etməyə çalışmalıyıq.
Tədbirin sonunda iştirakçılara bir daha QİÇS-in diaqnostikası, müalicəsi istiqamətində işlərin aparılması və ümumiyyətlə profilaktikası ilə bağlı müfəssəl məlumat verilərək müvafiq test nümunələrinin götürülməsi işi həyata keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.