ADPU-nun Cəlilabad filialında Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirilmişdir. Tədbirdə filialın direktoru, dosent Xudayar Sultanlı, Pedaqoji fakültənin və aidiyyatı kafedraların məsul şəxsləri, struktur bölmə rəhbərləri, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Tədbir Ümumilli Liderimiz Heydər Əliyevin əziz xatirəsinin anımı ilə başlayıb. İlk olaraq Filialın direktoru X.Sultanlı dahi Şəxsiyyətin keçdiyi çətin, lakin, şərəf dolu həyat yolundan söz açaraq xalqımız üçün həyati əhəmiyyətli, əbədiyaşar fəaliyyətindən danışıb. Öz bilik və bacarığı ilə dünyanı heyran qoyan dühasını geniş şərh edərək tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, çoxəsrlik dövlətçilik tariximizdə dahi Liderimizin özünəməxsus xidmətləri, fəaliyyəti və qüdrəti vardır. Təkcə ölkəmizin deyil, eləcə də dünyanın nadir şəxsiyyətlərindən olan Ulu Öndər ümumən bəşəriyyətin tərəqqisi istiqamətində çox böyük əmək sərf etmiş unudulmaz bir insandır.
Adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış dahi Lider dövlətçilik tariximizə daim işıq saçacaq Azərbaycançılıq ideologiyasının əsasını qoymuşdur. Xalqımızın çox ağır vəziyyətində bütün məsuliyyəti üzərinə götürərərək sözün əsl mənasında Böyük qəhrəmanlıq, xilaskarlıq missiyasını həyata keçirmişdir. Natiq bildirmişdir ki, məhz, tale yüklü problemlərimizin bir-birinin arxasınca həll olunduğu indiki dönəmdə bu böyük inkişafımızın təməl prinsiplərini də müdrik siyasətçi Heydər Əliyev məktəbinə borcluyuq. Bu məktəbin ən layiqli davamçısı isə şübhəsiz ki, Möhtərəm Prezidentimiz, Cənab İlham Əliyevdir. Sevindirici haldır ki, ölkəmiz hazırda dünyanın beynəlxalq arenasında da özünəməxsus rolu və nüfuzu olan qüdrətli bir dövlətdir.
Filialın “Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Yadulla Dadaşlı vaxtilə Azərbaycan xalqının ictimai-siyasi çətinliklərə məruz qaldığı bir vaxtda xalqın ziyalı təbəqəsinin xüsusi dəvəti, tələblərilə hakimiyyətə gətirilən, sonrakı mərhələdə isə xalqımızın könül dostuna, baş tacına çevrilən Heydər Əliyevin mütəfəkkir fəaliyyətinın ölkəmizin dünyəvi tərəqqisinə əbədiyyət qazandırdığını qeyd etmışdır.
Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi, “Tərəqqi” medallı Nadir Babayev Ulu Öndər Heydər Əliyevin gənc, müstəqil dövlətimizin demokratik inkişafı yolundakı dahiyanə çalışmalarını, qısa zaman ərzində çox böyük quruculuq işlərini, insanlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətindəki müdrik fəaliyyətindən söz açıb.
Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ələsgər Mirzəzadə Böyük Liderin həyat və fəaliyyətini Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri adlandırıb. Mənəvi zənginliyin xalqımızın ən böyük sərvəti hesab etdiyindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasındakı qeyri-adi xidmətlərindən, əzmkarlığından danışıb.
Tədbirdə Ulu Öndərin unudulmaz xatirəsini, nitqini, bütöv Azərbaycanımıza istiqamətlənən arzu və istəklərini canlandıran video-çarx nümayiş etdirilib, şeirlər səsləndirilib. Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin bacısı, tələbəmiz olan Ayna Fərəcovanın Ümummilli Liderimizin fenomen Şəxsiyyətinə hörmət və ehtiramı ifadə olunub, digər tələbəmiz Zəhra Feyziyevanın şeir ifası saf və səmimi istəklərin əyani nümunəsi kimi yadda qalıb. Tədbirdə xüsusilə bildirilmişdir ki, Ulu Öndərin unudulmaz xatirəsi qədrbilən xalqımızın qəlbində daim yaşayacaqdır!.