Xəbərlər

18 Oktyabr 2023- cü il tarixində ADPU-nun Cəlilabad filialında ” Müstəqilliyin bərpası gününə” həsr olunmuş tədbir keçirilib. Tədbirdə Tərbiyə işləri üzrə təşkilatçı A.R.İbişov, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Ş.M.Namazova, B.C.Məhərrəmov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər .
Tədbirdə ilk olaraq Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib .
Tədbirdə baş müəllim Ş.Namazova çıxış edərək “Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu bildirib. Görkəmli siyasətçi, ictimai-siyasi xadim və unikal şəxsiyyət kimi onun istər sovet, istərsə də müstəqillik dövründəki xidmətləri, Azərbaycana rəhbərliyi illərində respublikanın sosial-iqtisadi tərəqqisi istiqamətində atdığı addımlar, xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı sahəsində gördüyü işlər haqqında indiyə qədər çoxsaylı elmi-siyasi araşdırmalar aparılmış və kitablar yazılmışdır. Lakin Heydər Əliyevin malik olduğu liderlik və milli iradə, siyasi uzaqgörənlik, idarəçilik istedadı və dövlətə rəhbərlik bacarığı, qlobal düşüncə tərzi və digər keyfiyyətləri onun həyatının mühüm bir mərhələsini təşkil edən 1990-1993-cü illərdəki fəaliyyətində – Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyi uğrunda apardığı mübarizə dövründə daha qabarıq formada üzə çıxmışdır. Xüsusən 1990-cı ilin əvvəllərində Azərbaycan xalqının ciddi və taleyüklü problemlər qarşısında dayandığı bir dövrdə Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq milli mübarizə meydanına atılmış, misilsiz tarixi xidmətlər göstərmiş və Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyinin, milli birliyinin qorunub saxlanılmasında, xalqın məhv olmaq təhlükəsindən xilas edilməsində qurtuluş missiyası həyata keçirmişdir. Hər qədər ağır və çətin olmasına baxmayaraq, həmin dövr Azərbaycan dövlətçiliyinin və milli tariximizin parlaq səhifələrini təşkil edir” deyə fikirlərini bildirib. Həmçinin bu gündə cənab prezident İlham Əliyevin ulu öndərin davamçısı olaraq müstəqilliyi nəinki qoruyub saxlamaq eyni zamanda işğal altında olan torpaqları da azad edərək müstəqillik adını Azərbaycana tam mənası ilə qazandırdığını vurğulayıb .
Tədbir sonunda əlamətdar günün tarixi faktlarını özündə birləşdirən video-çarx iştirakçılar tərəfindən izlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.