22 may 2024-cü il tarixində ADPU-nun Cəlilabad filialında «28 May Müstəqillik Günü» ilə əlaqədar olaraq tədbir keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.İsmayılova, şöbənin mütəxəssisi Ş.Hüseynov, Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, müəllim F.Mürsəlli, Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi T.İsgəndərov və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib .
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent X.H.Sultanlı açaraq Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olduğunu bildirərək 28 May- Müstəqillik gününün tariximizin ən şanlı parlaq səhifələrindən biri olduğunu vurğulayıb.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Ə.Mirzəzadə, Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyətinin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdiyini bildirib.
Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedrasının müəllimi F.Mürsəlli, bu dövrdə məhz Azərbaycanın ilk Parlamenti və Hökumətinin, dövlət aparatının təşkil edildiyini, ölkənin sərhədlərinin müəyyənləşdirildiyini , bayrağı, himni və gerbinin yaradıldığını , ana dilinin dövlət dili elan edildiyini söyləyib.
Dil-ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi T.İsgəndərov öz çıxışında Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin sərəncamları ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və AXC-nin 100 illik yubileyinin təntənəli şəkildə qeyd edildiyini vurğulayıb.
Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alan III tədris ilinin tələbəsi Ə.Sadıqov da “Müstəqillik Günü” ilə bağlı öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb və bu gün münasibətilə onları təbrik edib.
Tədbirin sonunda “ 28 May- Müstəqillik Günü”nə həsr olunan video-çarx tədbir iştirakçılarına nümayiş edilib.