Dekabrın 4-də Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 5 Dekabr-Beynəlxalq könüllülər günü münasibətilə ilə “Suveren dövlətdə inamlı gələcəyə doğru” adlı regional tədbir keçirilib.Tədbirdə ADPU-nun Cəlilabad filialının tələbələri də iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar könüllü gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, rayon sektor müdirləri və əməkdaşları, Cəlilabad Rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, ADPU-nun Cəlilabad filialının və Cəlilabad Tibb Kollecinin tələbələri, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin könüllüləri, həmçinin Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonundan olan könüllü gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilib və Respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Könüllülər Günü”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Çıxış edən gənclər ölkəmizdə könüllülük fəaliyyətinin əhəmiyyətindən, gənclərin ictimai həyatda fəallığından və dövlət – gənclər siyasətinin əsas istiqamətlərindən bəhs ediblər.
Sonda Respublikamızın ictimai həyatında fəal iştirakına görə fərqlənən gənclərə Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub. Həmçinin ADPU-nun Cəlilabad filialının tələbələri də tədbirdə mükafatlandırılıb.Qeyd edək ki, tədbirdə 200 nəfərdən çox filialın tələbəsi iştirak edib.
Tədbir bədii proqramla davam edib.
İştirakçılar üçün müxtəlif musiqi nömrələri səsləndirilib. Səsləndirilən musiqilər iştirakçılarda xoş ovqat yaradıb və tədbir yüksək əhval –ruhiyyə ilə yekunlaşıb.




