Fevralın 2-də Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu işə başlayıb. Tədbirdən öncə Forum iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə müraciəti səsləndirilib. Müraciəti Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov oxuyub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov və eləcə də Prezident mükafatçıları Sərxan Ağadadaşov və Lamiyə Məmmədova çıxış ediblər.
2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı oxunub. Sonra gənclərə mükafatlar təqdim edilib. Mükafatları Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət nazirinin müavini Murad Hüseynov təqdim ediblər.
Tədbirdə ADPU Cəlilabad filialının İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Şəmsi Hüseynov və filialın tələbəsi Aynur Qəhrəmanova da iştirak edib.
Rəsmi hissədən sonra Forum “Azərbaycan Gəncləri – 2035: Strateji baxış və prioritetlər” sessiyası ilə davam edib.
Forumun davamı 3 fevralda Xankəndi Konqres Mərkəzində “Şəhərsalma və Memarlıq İli” sessiyası və Gənclərin potensialı – milli inkişaf naminə” mövzusunda vörkşop olacaq.
Azərbaycan Gənclərinin ilk Forumunun 30 illik yubileyi çərçivəsində keçirilən XI Forumun əsas məqsədi gənclərin son üç onillikdə qazandığı nailiyyətlərin ümumiləşdirilməsi, növbəti onillik üçün strateji baxışın formalaşdırılması və gənclərin potensialının milli prioritetlərə uyğun səfərbər edilməsidir.




