Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Elmi Şuranın növbəti iclası keçirilib

Rəy yoxdu

03.03.2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında Elmi Şuranın növbəti iclası keçirilib. Elmi Şurada filialın direktoru, Elmi Şuranın Sədri, dosent X.H.Sultanlı, Şuranın üzvləri, struktur bölmələrin rəhbərləri və filial əməkdaşları iştirak ediblər.
İclas Vətən uğrunda canından keçən şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində həyatlarını itirən türk bacı-qardaşlarımızın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə başlayıb. İclasın sədri, dosent Xudayar Sultanlı gündəlikdə duran məsələlər barəsində Şura üzvlərini məlumatlandırıb. Eyni zamanda, filialda işçilərin attestasiyasının keçirilməsi barədə ADPU-nun 02/111-k nömrəli əmri də müzakirə edilib. Daha sonra, Pedaqoji fakültənin dekanı M.A.Rəhimova filialda 2022/2023-cü tədris ilinin payız imtahan sessiyasının nəticələri barədə iclas iştirakçılarını məlumatlandırıb. İclasın sonunda Keyfiyyətin təminatı şöbəsinin müdiri D.V.Əliyeva tərəfindən filialda payız imtahan sessiyası barədə tələbələr arasında aparılan sorğunun nəticələri təhlil edilib.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “İcbari tibbi sığorta haqqında maarifləndirmə” tədbiri keçirilmişdir

Rəy yoxdu

01 mart 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “İcbari tibbi sığorta haqqında maarifləndirmə” tədbiri keçirilib. Tədbirdə filialın direktoru, dosent X.H.Sultanlı, İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad Regional filialının rəhbəri İlqar Qurbanov, müavin Ruslan Kərimov, eləcə də filialın Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri S.A.İsmayılova, professor-müəllim heyəti və müxtəlif ixtisaslar üzrə qrup tələbələri iştirak ediblər. Tədbirin əvvəlində Vətən uğrunda canından keçən şəhidlərimizin və Türkiyədə zəlzələ nəticəsində həyatlarını itirən türk bacı-qardaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad Regional filialının rəhbəri İlqar Qurbanov icbari tibbi sığortanın mahiyyəti, ondan istifadə etməklə tibbi xidmət almağın yolları, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları, xidmətlər zərfi barədə ətraflı çıxış edib. Eyni zamanda tədbir iştirakçıları xidmətlər zərfinin elektron axtarış sistemi ilə tanış olmaqla, onlara lazım olan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu da elektron sistem vasitəsilə yoxlamağın yollarını öyrəniblər. Çıxışının sonunda İlqar Qurbanov tələbələrdən tərəfindən ünvanlanan sualları cavablayıb.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Xocalı faciəsinin 31-ci İldönümünə həsr olunmuş “XX yüzilliyin faciəsi” adlı tədbir keçirilmişdir

22 fevral 2023-cü il tarixində ADPU-nun Cəlilabad filialında “Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi” və “Tələbə Gənclər Təşkilatı”nın birgə təşəbbüsü ilə 26 fevral Xocalı Soyqırımının 31-ci ildönümünə həsr edilmiş “XX yüzilliyin faciəsi” adlı dəyirmi masa keçirilib. Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndələrin müavini Rəcəb Sabir, filialın Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Səbinə İsmayılova, “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ələsgər Mirzəzadə və filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak etmişlər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib .
Tədbiri giriş sözü ilə Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov açıb. O, öz çıxışında Xocalı faciəsi, onun tariximizə yazılan və dərin iz buraxan yaralarından söz açıb. Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələrilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!..
Daha sonra Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da tarixi hadisə haqqında maraqlı faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb və tələbələr tərəfindən ona ünvanlanan sualları cavablayıb.
Tədbirdə “İrəli” İctimai Birliyinin təşəbbüsü ilə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Böyüməyən uşaqlar” filmi də nümayiş olunub.
Daha sonra filialın “Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Ə.Mirzəzadə də Xocalı Soyqırımı haqqında öz fikirlərini səsləndirib. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Xocalı XX əsrin genosid qurbanıdır. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır!
Tədbirdə filialın “Məktəbəqədər təhsil” ixtisasının I tədris ilinin tələbəsi, Xocalı sakini Məmmədova Azadə xanım da iştirak edib. O, ailəsinin, qohumlarının dəhşət dolu gecədə yaşadıqlarını göz yaşları içində tədbir iştirakçılarına çatdırıb. Tədbirin sonunda filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının II tədris ilinin tələbəsi Ceyhunə Ağaverdiyevanın şeir ifası dinlənilib.
Xocalı və eləcə də bütün Şəhidlərimizin günahsız məramını böyük hörmətlə anır, onların məsum ruhları qarşısında baş əyirik.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında qardaş Türkiyəyə dəstək nümayiş etdirilib

2023-cü ilin fevral ayının 6-dan başlayan dəhşətli zəlzələ qardaş Türkiyə Respublikasında minlərlə insanın həlak olması, on minlərlə insanın yaralanması, minlərlə yaşayış binalarının tamamilə dağılmasına səbəb olmuşdur.
Əlverişsiz hava şəraitini və fövqəladə vəziyyətin böyüklüyünü nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında zəlzələdən zərər çəkənlərə humanitar yardım məqsədilə Ümumrayon yardım kampaniyası başladılmış, dəstək olmaq istəyənlərə lazımı şərait yaradılmışdır.
Qısa zamanda geniş ictimaiyyətin rəğbətini qazanan bu kampaniyaya qatılmaq istəyənlər qardaş türk xalqına dəstək olmaq üçün Filialın tədris binasına yaxınlaşaraq gətirdikləri zəruri əşyaları təhvil vermişlər.
Xatırladırıq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatına əsasən, bütün yaşlardan olan zərərçəkənlərin əsasən qış paltarlarına – gödəkçə, şalvar, əlcək, corab, ayaqqabıya ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, odeyal, döşək, standart qızdırıcı cihazlar, əl fənəri, generator, poverbank, təmizlik alətləri, gigiyenik əşyalar, uşaq ləvazimatları və müvafiq vasitələr lazımdır.

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının professor-müəllim heyəti vəfat edən Qazi Mirdavud Tahirovun hüzn mərasimində iştirak etmişlər

Astara rayonu Pensər kənd sakini, Vətən Müharibəsində xüsusi rəşadət göstərən Mirdavud Tahirov vaxtilə şiddətli döyüşlərdə aldığı xəsarətlərin yaratdığı fəsadlardan dünyasını dəyişmişdir. Təəssüflər olsun ki, Şuşa döyüşlərində ağır yaralanan və iki ildən artıqdır ki, müalicə olunan Qazimizi həkimlərin əzmkar səylərinə baxmayaraq həyata döndürə bilmədik.
Qeyd edək ki, Tahirov Mirdavud Asəm oğlu Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım etmişdir.
Hüzn mərasimində nitq söyləyən Filialın direktoru, dosent Xudayar Sultanlı Vətənimizin bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman övladımız Mirdavud Tahirovun əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd edib.
Xatırladırıq ki, Mirdavud Tahirov müharibədən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyevin müvafiq Fərmanları ilə “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilmişdir.
Vətən torpaqlarımızın yağı düşməndən azad olunması yolunda igidlik nümayiş etdirən qəhrəman övladımızın Müqəddəs ruhuna Allahdan rəhmət diləyirik!..

Xəbərlər

Başın sağ olsun Türkiyə!

Qardaş Türkiyənin bir sıra vilayətlərində baş vermiş dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişənlərin yaxınlarına və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik!

Xəbərlər

Tələbə Gənclər Təşkilatının üzvləri aktiv fəaliyyətlərinə görə Fəxri Fərmanlarla təltif olunublar

02 fevral 2023-cü il tarixində – Gənclər Günü Azərbaycan Dövlət Pedaqoji Universiteti Cəlilabad filialının Tələbə Gənclər Təşkilatının üzvləri “2022-ci ildə göstərdikləri uğurlu fəaliyyətlərinə görə” təltif edilmişlər. Belə ki, TGT-nın sədri Sevda Şahmarovanın təşkilatı dəstəyilə Filialın direktoru, dosent Xudayar Sultanlı tərəfindən TGT nümayəndələrinə Fəxri Fərmanlar təqdim olunmuşdur.
Bu münasibətlə Tələbə Gənclər Təşkilatının bütün kollektivini təbrik edir, gələcək fəaliyyətlərində də onlara uğurlar arzulayırıq.

Xəbərlər

Heydər Əliyev və Azərbaycan gəncliyi

Ümumilli Liderimiz Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandırmışdır. Onun vaxtilə xalqımızın gələcəyi olan gənc nəslə diqqət və qayğısı dövlət siyasətinin prioritet istiqamətinə yüksəlmişdir. Məhz, Ulu Öndərin gənclər siyasətinin məntiqi davamı kimi 1997-ci ilin fevralın 2-də imzaladığı Fərmana əsasən “Azərbaycan Gəncləri Günü” təsis edilərək qeyd edilməyə başlanılmışdır.
Gənclərə böyük diqqət və qayğının təzahürü kimi meydana çıxmış olan bu uğurlu strategiya getdikcə ənənəvi hal alaraq, onların mədəni-mənəvi inkişaflarında qarşıya qoyulan hədəflərə çatmları üçün bütün maneələrin, problemlərin aradan qaldırılmasını da özündə ehtiva edirdi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1999-cu ilin iyulunda “Dövlət gənclər siyasəti haqqında” müvafiq Fərmanın imzalanması, dahi Lider tərəfindən gənc nəslimizin nümayəndələrinə, onların bir insan olaraq hərtərəfli inkişaflarına dünyada misli görünməmiş hörmətin, ehtiramın nişanəsi idi.
Həmçinin, 2002-2003-cü illərdə Gənclər siyasəti sahəsində həyata keçirilən parlaq fəaliyyətlər sayəsində ölkəmizdə “Gənc istedadlar üçün xüsusi təqaüd təyin edilməsi haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” sənədlərin qəbul edilməsiylə istedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi, təhsil və digər problemlərinin həllinə yönəlik, onların bacarıq və qabiliyyətlərinin artırılmasını, formalaşdırılmasını təmin edən müvafiq “Dövlət Proqram”ları hazırlandı. Bunun əsasında da ölkəmizin əksər ərazilərində Gənclər mərkəzləri, idman kompleksləri, yaradıcılıq mərkəzləri fəaliyyətə başlayaraq gənclərin təhsili, təlim-tərbiyəsi, fiziki, elmi, sosial inkişaflarını ön plana çıxaracaq sözün əsl mənasında xalqımızın sağlam gələcəyi üçün misilsiz xidmətlər görüldü.
Bildirmək istərdik ki, Böyük Lider Heydər Əliyevin siyasi kursu Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Belə ki, bu parlaq davamlılığın gənclərimizin inkişafı sahəsinə nəzər yetirsək ölkəmizdə həyata keçirilən çeşidli infrastruktur yenilənmələriylə gənclərimizin istifadəsinə verilən; Gənclər Mərkəzlərini, İdman komplekslərini, davam edən gənclər forumlarını, “2007-ci ilin Gənclər İli” elan edilməsini, gənclər haqqında “Dövlət Proqramları”nın və başqa çoxsaylı layihələrin qəbul edilməsini, xüsusilə gənc nəslimizin təhsili sahəsində qeyri-adi xidmətlərini böyük iftixar hissilə qeyd edə bilərik..
Vurğulamalıyıq ki, dövlətçiliyimizin gənc nəslimizin inkişafına bu son dərəcə düzgün və sistemli yanaşmaları, Heydər Əliyev Məktəbinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızı da himayəsi altına alaraq bütöv Azərbaycanımızın hər bir ailəsində böyüyən nəslimizin gələcək potensiallarını artırmaq əzmində olmaqla, cəmiyyətimiz üçün ziyalılıq, elmi-texniki inkişafımızın tərəqqisi üçün çalışacaq, hüquqi-demokratik dövlət xidmətləri prosesində fəallıq nümayiş etdirəcək hədəflərə istiqamətlidir. İnkişaf təməlləri belə bir fundamental əsaslarla yoğrulan Azərbaycan gəncliyi Ölkəmiz üçün son dərəcə vacib olan sınaqdan uğurla çıxmaqla, yüksək vətənpərvərlik əzmini artıq bütün dünyaya nümayiş etdirmişdir. 2020-ci ilin 27 sentyabrında başlayan 44 Günlük Vətən Müharibəsində haqq çalışmasını vicdanla, ləyaqətlə, mərdliklə, igidliklə, heyrətamiz qəhrəmanlıqlarla həyata keçirən Azərbaycan Gəncliyi Dövlət Rəhbərliyimizin ətrafında sıx birləşərək “Dəmir Yumruq” təşkil etmiş, ölkəmiz və xalqımızın mənfur düşmənlərinə məhvedici zərbələr endirmiş, uzun illər düşmən tapdağında olan tarixi torpaqlarımızın azad edilməsində böyük xidmətlər göstərmişlər.
Ümidvarıq ki, bütün bəşəriyyətə örnək; haqq-ədalət, humanizm, mərdlik, multikulturalizm, ümuminsanlıq prinsiplərini həyata keçirən Heydər Əliyev Məktəbinin qürur dolu davamlı fəaliyyəti bütün dünya Azərbaycanlılarının gələcək yollarını daim nurlandıracaqdır!.

Xəbərlər

XALQIMIZIN UNUDULMAZ ÖVLADLARI

Mədət Vəkil oğlu Xankişiyev 1998-ci il yanvar ayının 15-də Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Çünzəli kənd məktəbində almış, 2015-ci ildə orta məktəbi bitirərək 2016-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır.
Kəşfiyyatçı kimi xidmət göstərən Mədət 2016-ci ilin Aprel döyüşlərindədə iştirak edib. O, həmişə deyirmiş ki, ermənilər döyüşə bilmirlər, qorxaqdırlar. Biz Aprel döyüşlərində onların dərsini yaxşı vermişik. Kaş ki, Ali Baş Komandanımız torpaqlarımızın alınması üçün hücum əmrini verə..
Elə də oldu, ermənilərin növbəti təxribatına qarşı Cənab Ali Baş Komandan əks hücum əmrini verdi. Vətən müharibəsi başlayanda Mədət evlərinə zəng edərək sevinclə bildirmişdir ki, biz döyüşməyə gedirik.
O, gərgin döyüşlərdə iki dəfə yaralansa da, yaralarını özü sarıyır və döyüşməyə davam edirmiş.
Mədət Xankişiyev Murovdağ, Kəlbəcər, Xocavənd, Hadrut, Cəbrayıl, Suqovuşan, Fizuli istiqamətlərində gedən şiddətli döyüşlərdə mərdliklə vuruşub. Döyüş yoldaşlarının qeyd etdiklərinə görə Mədətgilin 8 nəfərlik kəşfiyyat qrupu mühasirəyə düşürlər, düşmənin 350 nəfərlik taboru ilə qeyri-bərabər döyüşdə cəsur kəşfiyyatçılarımız onları tamamilə məhv edirlər. Bu döyüşdə 8 nəfərdən ikisi qəhrəmancasına şəhid olur. Növbəti əməliyyat zamanı Mədət 5 döyüş dostu ilə Hadrutda ermənilərin taboruna hücum edirlər və düşmən tankını qənimət kimi ələ keçirirlər. Hərbiçilərimiz həmin tankın üzərinə Mədətin şəklin çəkiblər.
Xankişiyev Mədət Vəkil oğlu Hadrut ətrafındakı yüksəkliklərin alınması uğrunda aparılan hərbi əməliyyatlar zamanı 15 oktyabr 2020-ci ildə snayper gülləsi ilə vurularaq şəhidlik məqamına yüksəlmişdir.
“Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunan Mədət Xankişiyev Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”; Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq cəsurluq nümayiş rtdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncama əsasən “Xocavəndin azad olunmasına görə”; Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq peşəkarlıq göstərdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən “Kəlbəcərin azad olunmasına görə” orden və medallarla təltif edilmişdir.
Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mədət Xankişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Böyük Zəfər qürurunu bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

Xəbərlər

XALQIMIZIN UNUDULMAZ ÖVLADLARI

Hər bir xalqın tarixini onun qoynunda bəsləyərək boya-başa çatdırdığı şəxsiyyətlər yaradır. Bu şəxsiyyətlərin bir çoxu isə mərdliyin, cəsarətin zirvəsinə yüksələrək əsl qəhrəmana çevrilirlər. Belə cəsur, qəhrəman övladlarımızdan biri də Azərbaycan xalqının igid oğlu Alxas Mirxas oğlu Yunusovdur. O, 1986-cı ilin yanvar ayının 18-də Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuşdur. Həziabad kənd orta məktəbini 2004-cü ildə bitirdikdən sonra elə həmin ilin oktyabr ayında hərbi xidmətə çağırılıb. Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirdikdən sonra 2006-cı ildə ehtiyata buraxılıb.
2011-2015-ci illərdə Moskva Dövlət İnformasiya Texnologiyaları Radiotexnika və Elektronika Universitetində təhsil alıb. Təhsil alarkən Mübariz İbrahimovun torpaqlarımız uğrunda qəhrəmancasına şəhid olduğunu eşidir və vətənə dönməyə qərar verir. Elə o gündən hərbiçi olmaq qərarına gəlir. 2018-ci ildə Təlim-tədris mərkəzində keçirilən gizir hazırlıq kursunda iştirak etdikdən sonra Mingəçevir şəhərində hərbi xidmətini davam etdirir.
Alxas Yunusov 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində əsgər dostları ilə birlikdə düşmənə qarşı amansız mübarizə aparır. O, komandiri olduğu BMP-3 hərbi maşını ilə Tərtər, Suqovuşan və Ağdərə istiqamətində düşmənin uzun illərdən bəri qurduğu istehkam qurğularını məhv edib. Qızğın döyüşlərin birində onun idarə etdiyi döyüş maşını vurulur və beləliklə Vətənin qəhrəman övladı Mübarizin şəhadətə qovuşduğu yerdə Alxas da şəhid olur. Ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb.
Alxas Mirxas oğlu Yunusov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı ilə; Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidliyi və şücaətinə görə isə 29.12.2020-ci il tarixli Sərəncama əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Böyük Zəfər qürurunu bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.