Xəbərlər

Şəhid Ramin Hüseynağa oğlu Bayramov 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açmışdır. 1986-1996-cı illərdə Alar kənd 2 saylı tam orta məktəbində təhsil almışdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 2000-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra 3 ay hərbi təlim-məşq keçərək leytenant rütbəsi almışdır. 2005-2006-cı illərdə hərbi xidmət qulluqçusu olan Ramin Bayramov bu müddətdə baş leytenant rütbəsi almış, sonda ehtiyatda olan zabit kimi ehtiyata buraxılmışdır.

Azərbaycan Ordusunun baş leytenantı olan Ramin Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsində hərbi səfərbərlik zamanı könüllü iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Xalqımızın igid övladı 11 noyabr 2022-ci il tarixində Cəlilabad rayonunun Alar kəndində dəfn edilmişdir. Ailəli idi, 3 övladı yadigar qalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Bayramov ölümündən sonra “Vətən uğrunda”, Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaətinə görə isə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Böyük Zəfər Gününü bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.