Xəbərlər

23.09.2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında Elmi Şuranın iclası keçirilmişdir. İclas Ermənistanın silahlı qüvvələri tərəfindən sentyabrın 12-si 13-nə keçən gecə törədilən geniş miqyaslı təxribatın qarşısını alarkən, dünyasını dəyişmiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla anılmasıyla başladı.

İclasın sədri, ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı bildirdi ki, bu il 15 sentyabr-“Bilik Günü”nün təntənəli qeyd olunmamasının səbəbi mənfur düşmənlərimizin növbəti təxribatları nəticəsində ürək yanğısıyla andığımız şəhidlərimizin olmasıdır. Elə bu səbəbdən də ilk dərslərimiz məhz, “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuşdur.

Sədr filialın 2022/2023-cü tədris ilinə başlanması ilə əlaqədar olaraq bu ilin qəbul planının elə ilk mərhələdəcə 100% yerinə yetirildiyini vurğuladı. Həmçinin məzunlarımızın uğurlarından söz açaraq onların “Müəllimlərin işə qəbulu” (MİQ) imtahanlarında uğurlu nəticələrinə diqqətləri yönəltdi. Yeni kadrların təqdimatını həyata keçirərək onların bəzilərinin məhz, filialımızın məzunları olduğunu məmnunluqla qarşıladı və hər birinə müvəffəqiyyətlər arzuladı.

Sonra söz ADPU-nun Cəlilabad filialında Pedaqoji fakültəsinin dekanı Mənzilə Rəhimovaya verildi. 2022/2023-cü tədris ilinə hazırlığın vəziyyəti barədə geniş məruzə edən M.Rəhimova bildirdi ki, yeni tədris ilinə hazırlıq tam başa çatmışdır. Kafedralar üzrə dərs yüklərinin bölgüsü, tədris olunacaq fənlərin–dərs cədvəllərinin, tədrisin keyfiyyətinin artırılması istiqamətində tələb olunun metodiki bazanın, bu istiqamətdə fəaliyyət planlarının hazırlanması işi yekunlaşdırılmışdır. Bununla yanaşı, tələbə kontingenti potensialının artırılması, ölkəmizdə tələb olunan yüksək ixtisaslı kadr hazırlığı məqsədilə tədris prosesinin daha da gücləndirilməsi, səmərəliyinin artırılması istiqamətində işlərin bundan sonra da davam etdirməyin vacibliyini vurğuladı.

ADPU-nun Cəlilabad filialında “Dil ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası” kafedrasının müdiri Yədulla Dadaşlı söz alaraq bildirdi ki, kafedra əməkdaşları tərəfindən aparılan elmi-tədqiqat işlərinin, həmçinin ölkədaxili və ya xaricdə nəşr olunan yeni əsərlərin mütəmadi olaraq qeydiyyatı aparıldığından bu barədə kafedralarımıza vaxtında məlumat verilməsi zəruridir.

Sonda İclasın sədri ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.Sultanlı cari məsələlərlə bağlı pedaqoji heyətə tövsiyələrini və konkret göstərişlərini verdi. Həmçinin, Filialda maddi-texniki işlərə diqqəti yönəldərək Sədr tədris prosesinə nəzarətin gücləndirilməsini, iş planlarına uyğunluğunu, şöbələrarası görülən işlərin aylıq hesabatlarının hazırlanmasını, yeni fəaliyyətə başlamış gənc müəllimlərimizin pedaqoji fəaliyyətlərinin diqqətdə saxlanılaraq onlarla bu istiqamətdə lazımı dəstəyin göstərilməsini tövsiyə etdi. Elektron kitabxananın vacibliyi, kafedra əməkdaşlarının elmi-tədqiqat işlərinin zənginləşdirilməsinin məqsədəmüvafiq olmasını vurğulayaraq yeni tədris ilində professor-müəllim heyətinə uğurlar arzuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.