Bu gün ADPU-nun Cəlilabad filialının kollektivi başda direktor, dosent Xudayar Sultanlı olmaqla 27 Sentyabr Vətən Müharibəsi Şəhidlərimizin Anım Gününə həsr olunmuş Rayon tədbirində iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış, Dövlət Himnimiz səsləndirilmişdir.
Daha sonra Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Cənab Rafiq Cəlilov, Şəhid ailə üzvləri, Qazilərimizin çıxışları dinlənilib. Məktəblilərin hazırladıqları Vətən, Şəhid, Cəsur əsgər məzmunlu şeir parçaları söylənilib. Yüksək vətənpərvərlik motivləri ilə dolu olan tədbir sonda Şəhidlərimizin unudulmaz xatirələrinə həsr olunmuş Abidə kompleksinin açılışı ilə davam edib. Başlarının üzərində Azərbaycanımızın Dövlət Bayrağı, əllərindəki gül-çiçəklərlə çoxsaylı insan axını şəhidlərimizin ziyarəti üçün Xiyabanda izdihamlı görüntülər yaratmışlar.
Bildirilmişdir ki, Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirmiş, şəhidlərimizin ruhuna ehtiram göstərmiş, onların xatirəsini uca tutmuşdur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıraraq ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qəhrəman Ordumuzun müqəddəs məqama ucalmış Şəhidlərinə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si tarixinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş əziz Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, Qazilərimizə Allahdan şəfa diləyirik.