30.11.2022-ci il tarixində ADPU-nun Cəlilabad filialının professor-müəllim heyəti Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirələrinin anımından sonra daha bir kitabın işığına toplaşdılar. Bu, Filialın “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi olan Şöhrət Namazovanın oxuculara yeni təqdim etdiyi “Laçın əfsanəsi” əsəri idi.
Ş.Namazovanın «Laçın əfsanəsi» povesti Qarabağ mövzusundadır və burada bölgənin işğalı zamanı baş verən hadisələrdən bəhs olunur. Əslən Laçından olan müəllif həyatda şahidi olduğu hadisələri qələmə almışdır. Kitabın mənzum parçaları isə burada baş verən hadisələrin ruhuna köklənmiş və beləcə povestin əsl qayəsini tamamlamaqdadır.
«Laçın əfsanəsi» Ş.Namazovanın nəşr olunan ikinci kitabıdır. Onun «Köçkün qızın şəhid sevgilisinə doqquz məktubu» adlanan povest və hekayələrdən ibarət ilk kitabı hələ 2016-cı ildə işıq üzü görmüşdür.
Xatırladırıq ki, 44 günlük Vətən müharibəsində Şuşa şəhərinin azad edilməsinin ardınca 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu Laçının da bir sıra kəndlərini erməni işğalçılardan təmizləmişdi. Məhz, Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin Rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad edilməsindən bir qədər sonra Ermənistan ağ bayraq qaldırmışdı. Bunun nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq Ermənistan tərəfindən ərazilərimizin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilmişdir.
Elə bu, tariximizə qızıl hərflərlə yazılan Azərbaycanımızın şərəf dolu anlarından başlayaraq, dəyərli «Laçın əfsanəsi» əsərinə yüksək münasibət bildirən Filialın professor-müəllim heyəti ərazilərimizin düşmən işğalı zamanı dinc əhalimizə necə faciəvi anlar yaşadıldığını diqqətlərə çatdırıblar. Qeyd olunub ki, Azərbaycanın dilbər guşəsi olan Qarabağda və ona yaxın ərazilərimizdə işğal zamanı bəşəriyyətin ən dəhşətli qətliamları törədilmişdir. Məhz buna görədir ki, Xocalı faciəsi xalqımızın yaşam tarixində heç vaxt unudulmayacaqdır. Bu cinayətlər unudulmamalı, unutdurulmamalıdır. Filialın müxtəlif ixtisaslar üzrə tələbələrinin ifa etdikləri “Laçın məzmunlu” şeirlər tədbirə əlavə rəng qatıb. Vətən həsrətilə alışıb yanan yurddaşlarımız indi öz doğma dədə-baba torpaqlarına dönməkdədirlər. Müəllifin öz sözlərilə desək oradakı “Şəhid ruhlar isə bu müddət ərzində heç bir yerə getməyərək Laçın səmalarında bizləri gözləmişdirlər!”…
Vətən Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, yaralılarımıza Allahdan şəfa diləyirik.