Xəbərlər

Əziz və çox hörmətli ADPU-nun Cəlilabad filialının kollektivi və bütün həmvətənlər; Sizi qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il – 2023-cü il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Yola salmaqda olduğumuz 2022-ci il Dövlətçilik tariximizdə artıq dinamik hal almış həyatımız üçün sözün əsl mənasında hərtərəfli inkişafın, tərəqqinin, mədəni-mənəvi dəyərlərimizin ön planda olduğu bir il olmuşdur. Azərbaycançılıq ideologiyasının fundamental əsaslarını özünəməxsus heyranedici təfəkkürü, yüksək həyat fəlsəfəsi, əsl vətəndaş mövqeyilə işləyib hazırlayan Ümummilli Liderimiz Heydər Əliyev vaxtilə bu qərarını verərkən şübhəsiz ki, xalqımızın gələcək taleyini düşünmüş, daimi yüksəlişimiz naminə bütün dünyada yaşayan soydaşlarımızın bir araya gəlməsini, onların tale yüklü məsələlərinin həlli istiqamətində heyrətamiz vətənpərvərlik nümayiş etdirərək Ali Dövlət – Rəhbərlik missiyasını şərəf və ləyaqətlə yerinə yetirmişdir. Elə bu baxımdan hamımız üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif coğrafi məkanlarında yaşayan və Azərbaycanlı mentalitetini daşıyan insanlarımızın vacib qürur qaynağı, motivasiyası üçün ruhi qida mənbəyi, strateji planların həyata keçirilməsinə, soykökə bağlılığa əhd-peyman nişanəsidir. Təsadüfü deyildir ki, Böyük Heydər Əliyev Məktəbinin layiqli davamçısı, Respublikamızın Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti də dövlətçiliyimiz istiqamətində heyranedici çalışmaları, əzmkar fəaliyyətləri, qabaqcıl həmlələri, dahiyanə fikirləri, həmçinin parlaq gələcəyimiz naminə əsaslı idealları özündə yaşatmaqdadır. Möhtərəm Prezidentimizin Rəhbərliyilə bütün dünyada yaşayan soydaşlarımızın mənafeləri daim diqqət mərkəzində olmuş, onların siyasi-iqtisadi, sosial, mədəni-mənəvi həyatlarının yüksəlişinə mütəmadi olaraq dəstək olunmuşdur. Əlbəttə, Respublikamızın hüdudlarından kənarda akademik fəaliyyətlə məşğul olan soydaşlarımız da bu qayğıdan uğurla faydalanmaqdadırlar.
Şanlı Ordumuzun Zəfər memarı olaraq Müzəffər Prezidentimiz Cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayının bu ilin Aprel ayının 22-də məhz, işğaldan azad olunan Şuşa şəhərində – Zəfər Qurultayı adı altında keçirməsi hər birimizi qürurlandıran fəxarətli, cəsur bir addım olaraq Şəhidlərimizin müqəddəs ruhlarına hörmət əlaməti idi. Dövlət quruculuğumuzun bütün sahələrində əldə olunan mühüm nailiyyətlər ölkəmizin dünya birliyində layiqli yer tutmasına, dünyada yaşayan soydaşlarımızın milli hüqüqlarının, beynəlxalq haqlarının həyata keçirilməsinə geniş imkanlar açmaqla onların özünəinam, birlik və bərabərliyimizin gətirdiyi Dövlətçilik Sistemimizə, onun Rəhbərliyinə güvən meyarlarını gücləndirməkdədir.
Əziz soydaşlarımız, Sizləri bir daha qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, firavan günlər arzulayıram. Ümidvaram ki, sarsılmaz Dövlət-Xalq birliyimizə daimi dəstəyiniz şanlı və şərəfli tariximizin əbədiyaşarlığı, davamlılığı üçün yüksək amal ehtiva edən qürur mənbəyinə çevriləcəkdir.
Böyük hörmətlə: ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.