ADPU-nun Cəlilabad filialında 2022/2023-cü tədris ilinin başlanmasıyla əlaqədar I tədris ilinin tələbələriylə tanışlıq məqsədilə oriyentasiya görüşü keçirilib. Görüşdə çıxış edən Pedaqoji fakültənin dekanı Mənzilə Rəhimova ilk olaraq universitetə yeni qəbul olmuş tələbələri təbrik edərək onlara uğurlar arzulayıb, müqəddəs və şərəfli müəllim adını doğrultmağı qarşılarına məqsəd qoymalarını tövsiyə eləyib. Dekan M.Rəhimova Filial haqqında, onun ayrı-ayrı ixtisasları, hər bir tələbənin bilməli olduğu tədris prosesi ilə əlaqədar olan terminləri tələbələrə izah etdi. Daha sonra Filial haqqında, onun elmi potensialı, hədəfləri, həmçinin tədris strukturu, təqaüdlərin təyin edilməsi qaydası, eləcə də davranış tövsiyyələri, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı və bu təşkilatların tərkibində fəaliyyət göstərən departament, dərnək və klublar haqqında geniş məlumat verdi.
Sonra tyutor Rauf Nəsirov tələbələrə kredit sistemi, onun ayrı-ayrı müddəaları, imtahan və bal sistemi, imtahan qaydaları, qiymətləndirmə balları haqqında konkret məlumatlar verdi. Onlara Boloniya prosesinin (kredit sistemi) tələblərini izah etdi.
Daha sonra Tələbə Elmi Cəmiyyətinin sədri Dürdanə Əliyevanın Filialın İctimai təşkilatlarının fəaliyyətləri barədə təqdimatı dinlənildi. D.Əliyeva tələbələrə Filialın sosial həyatında aktiv olmaları barədə tövsiyələr verdi.