19.01.2023-cü il tarixində ADPU-nun Cəlilabad Filialında “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin “20 Yanvar faciəsinin 33-cü il dönümünün keçirilməsi” barədə olan Tədbirlər Planına əsasən “Qan yaddaşımız” adlı tədbir keçirilmişdir. Tədbirdə ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı, Cəlilabad Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Ramil Əmənov, “Tədbirlərin təşkili və tələbələrlə iş” şöbəsinin müdiri Səbinə İsmayılova, Filialın professor-müəllim heyəti, struktur bölmə əməkdaşları və müxtəlif ixtisaslar üzrə tələbələr iştirak etmişlər.
Dövlət Himnimizin oxunması ilə başlanan tədbir 20 Yanvar və ümumiyyətlə xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin əziz xatirələrinin anımı ilə başlayıb.
İlk olaraq ADPU-nun Cəlilabad filialının direktoru, dosent X.Sultanlı bu tarixi faciə haqqında geniş nitq söyləyib. Bildirib ki, 1990-cı ilin 20 Yanvar faciəsini törətmiş cinəyatkar dəstələrin bütün məkrli planları daha çox araşdırılmalı, öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Xalqımıza qarşı törədilmiş bu faciə ən amansız cinayətlərdən biridir. Ölkəmizin paytaxtı Bakı şəhərində dinc, sivil əhaliyə qarşı törədilmiş qətliamdır. Bununla yanaşı, artıq qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar faciəsi yaxın tariximizi özündə yaşadan xalqımızın qəhrəmanlıq səlnaməsi, imperiyanın caynağından birdəfəlik qurtulmaq üçün azadlıq hayqırışı, Azərbaycanımızın sonrakı taleyinə əhəmiyyətli təsiri olan həlledici anıdır.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsilə bağlıdır. Belə ki, dahi Liderin təşəbbüsü ilə o zamankı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Ulu Öndər zamanının sonrakı dönəmlərində də bu faciənin törədilməsi, başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul olmuş və nəhayət xüsusi təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Parlamentdə “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir. Beləliklə, bu qanlı faciə öz siyasi-hüquqi qiymətini almışdır.
Bu gün, başda Respublika Prezidentimiz Cənab İlham Əliyev olmaqla bütün xalqımız qanlı və eyni zamanda da şanlı tariximiz olan “20 Yanvar” Şəhidlərimizin əziz xatirəsini hörmətlə anır, Onların qanları ilə qazanılan müstəqilliyimizin əbədi gələcəyini möhkəm təməllərlə inşa edir. Direktor X.Sultanlı həmçinin, ümidvar olduğunu bildirib ki, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə rəmzini özündə yaşadan 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıqlar Dövlət-Xalq birliyimizin yaranmasına, əbədiyaşarlığına və bu birliyin möhkəmləndirilməsi yoluna daim işıq saçacaqdır.
Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Ramil Əmənov tədbirdə ətraflı çıxış edib. Qeyd etmişdir ki, sovet ordusunun Azərbaycanda həyata keçirdiyi 1990-cı ilin 20 Yanvar qətliamının həm də o zaman Qarabağın tamamilə işğalına hazırlaşan erməni təcavüzkarı ilə iş birlikçilərinin birgə məkrli planları əsasında həyata keçirilib. Bu faciə Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı qoşunların yeridilməsi nəticəsində baş verdiyini eləcə də milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirib. O, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini, onun davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyevin də bu yola sadiq qalmasını qeyd etmişdir. Bildirmişdir ki, 20 yanvar günü qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Odur ki, biz həmin günü Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları şəhid və əsl qəhrəman sayırıq və böyüyən hər bir nəslimiz bu tarixi qəhrəmanlıq səlnaməsini unutmamalı, unutdurmamalıdır.
Sonra “Təbiət və Sosial elmlər, onların tədrisi texnologiyası” kafedrasının tədqiqatçı alimi Ələsgər Mirzəzadə çıxış edərək 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu qeyd etmiş, Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət zamanı 150 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini bildirmişdir. Baş verən qanlı qətliamla əlaqədar olaraq həyati təhlükəsinin olmasına baxmayaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Liderimiz Heydər Əliyevin faciənin təşkilatçılarının şiddətlə qınadığını, SSR-nin rəhbərliyinə son dərəcə cəsarətli bəyanat verdiyini və beləliklə xalqımızın haqq səsinin bütün dünyaya çatdırdığını qeyd etmişdir.
Daha sonra Filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə II tədris ilinin tələbəsi Ceyhunə Ağaverdiyeva anlamlı şeir ifası ilə iştirakçıları kövrəldib.
“İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Ramilə Qubadova çıxış edərək 20 Yanvar hadisəsinin milli oyanışımıza təkan verməsindən söz açıb. Azərbaycan tarixində təkcə faciə deyil, həm də istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu qeyd etmiş; xalqımızın sovet imperiyasının əsarətinə azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarix olmasını vurğulamışdır.
“İbtidai sinif müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Ülviyyə Xankişiyeva şəhidlərimizə həsr olunmuş füsunkar mahnı ifası ilə tədbir iştirakçılarına duyğulu anlar yaşatmışdır.
Sonda 1990-cı ilin 20 Yanvar hadisələrini canlandıran video-çarx nümayiş etdirilib.