Mədət Vəkil oğlu Xankişiyev 1998-ci il yanvar ayının 15-də Cəlilabad rayonunun Çünzəli kəndində dünyaya göz açmışdır. Orta təhsilini Çünzəli kənd məktəbində almış, 2015-ci ildə orta məktəbi bitirərək 2016-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır.
Kəşfiyyatçı kimi xidmət göstərən Mədət 2016-ci ilin Aprel döyüşlərindədə iştirak edib. O, həmişə deyirmiş ki, ermənilər döyüşə bilmirlər, qorxaqdırlar. Biz Aprel döyüşlərində onların dərsini yaxşı vermişik. Kaş ki, Ali Baş Komandanımız torpaqlarımızın alınması üçün hücum əmrini verə..
Elə də oldu, ermənilərin növbəti təxribatına qarşı Cənab Ali Baş Komandan əks hücum əmrini verdi. Vətən müharibəsi başlayanda Mədət evlərinə zəng edərək sevinclə bildirmişdir ki, biz döyüşməyə gedirik.
O, gərgin döyüşlərdə iki dəfə yaralansa da, yaralarını özü sarıyır və döyüşməyə davam edirmiş.
Mədət Xankişiyev Murovdağ, Kəlbəcər, Xocavənd, Hadrut, Cəbrayıl, Suqovuşan, Fizuli istiqamətlərində gedən şiddətli döyüşlərdə mərdliklə vuruşub. Döyüş yoldaşlarının qeyd etdiklərinə görə Mədətgilin 8 nəfərlik kəşfiyyat qrupu mühasirəyə düşürlər, düşmənin 350 nəfərlik taboru ilə qeyri-bərabər döyüşdə cəsur kəşfiyyatçılarımız onları tamamilə məhv edirlər. Bu döyüşdə 8 nəfərdən ikisi qəhrəmancasına şəhid olur. Növbəti əməliyyat zamanı Mədət 5 döyüş dostu ilə Hadrutda ermənilərin taboruna hücum edirlər və düşmən tankını qənimət kimi ələ keçirirlər. Hərbiçilərimiz həmin tankın üzərinə Mədətin şəklin çəkiblər.
Xankişiyev Mədət Vəkil oğlu Hadrut ətrafındakı yüksəkliklərin alınması uğrunda aparılan hərbi əməliyyatlar zamanı 15 oktyabr 2020-ci ildə snayper gülləsi ilə vurularaq şəhidlik məqamına yüksəlmişdir.
“Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri ilə təltif olunan Mədət Xankişiyev Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”; Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq cəsurluq nümayiş rtdirdiyinə görə 25.12.2020-ci il tarixli Sərəncama əsasən “Xocavəndin azad olunmasına görə”; Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq peşəkarlıq göstərdiyinə görə 29.12.2020-ci il tarixli Sərəncama əsasən “Kəlbəcərin azad olunmasına görə” orden və medallarla təltif edilmişdir.
Həmçinin, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mədət Xankişiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Böyük Zəfər qürurunu bizlərə bəxş edən xalqımızın igid övladları ruhunuz şad olsun!.