2023-cü ilin fevral ayının 6-dan başlayan dəhşətli zəlzələ qardaş Türkiyə Respublikasında minlərlə insanın həlak olması, on minlərlə insanın yaralanması, minlərlə yaşayış binalarının tamamilə dağılmasına səbəb olmuşdur.
Əlverişsiz hava şəraitini və fövqəladə vəziyyətin böyüklüyünü nəzərə alaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında zəlzələdən zərər çəkənlərə humanitar yardım məqsədilə Ümumrayon yardım kampaniyası başladılmış, dəstək olmaq istəyənlərə lazımı şərait yaradılmışdır.
Qısa zamanda geniş ictimaiyyətin rəğbətini qazanan bu kampaniyaya qatılmaq istəyənlər qardaş türk xalqına dəstək olmaq üçün Filialın tədris binasına yaxınlaşaraq gətirdikləri zəruri əşyaları təhvil vermişlər.
Xatırladırıq ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin məlumatına əsasən, bütün yaşlardan olan zərərçəkənlərin əsasən qış paltarlarına – gödəkçə, şalvar, əlcək, corab, ayaqqabıya ehtiyacları var. Bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, odeyal, döşək, standart qızdırıcı cihazlar, əl fənəri, generator, poverbank, təmizlik alətləri, gigiyenik əşyalar, uşaq ləvazimatları və müvafiq vasitələr lazımdır.
