23.04.2026-cı il tarixində ADPU Cəlilabad filialının və Cəlilabad Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən böyük filosof Xaqani Şirvaninin anadan olmasının 900 illiyi ilə əlaqədar “Şeir sənətinin zirvəsini fəth edən insan “adlı şeir gecəsi keçirildi.
Gecədə ADPU Cəlilabad filialının direktoru,dosent Xudayar Sultanlı, direktor müavini Eldar Muradlı , filialın baş müəllimləri Tofiq İsgəndərov, Ələsgər Mirzəzadə, Ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Ş. Hüseynov, Şair ,AYB -nin üzvü Əfrahim Abbas,Şair qiraətçi Mikayıl İncəçaylı,Tarix müəllimi,bədii qiraətçi Adıgözəl Nuriyev, Şəhər bələdiyyə sədrinin müavini Elçin Hüseynov, Şair Qurban Əhməd , Müəllim Dadaş Bayramov və Filialın müxtəlif ixtisaslar üzrə tələbələri iştirak edirdilər.
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi . Sonra Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gecənin aparıcısı MKS-nin metodisti Müşahidə Nərimanova giriş sözü ilə çıxış edərək vurğuladı ki, Şairləri qartala bənzədirlər. Axı, qartallar zirvədə yaşayır, şairləri də, yüksəklik həmişə özünə səsləyir. Axı, qartallar mavi səmalarda süzüb yerə, insanlara, həyata tamaşa eləməkdən həzz alırlar. Şairlər də həyatın fövqündə dayanıb həyata baxır. Onlar həyata uzaqdan baxmaq istəmir. Azərbaycan milli mədəniyyətini min bir ulduzlu göyə bənzətmək olar. Bu sönməz ulduzların arasında ən gur işıq saçanların, öz şəkli, öz adı və öz səmti olanlardan biri də Əfzələddin Xaqani Şirvanidir. Xaqani bizə xalqın ürəyindən axıb gəlmişdir. Onun həmişəcavan poeziyası şeir aşiqlərinin qəlbində, dilində doqquz əsrə yaxındır ki, ömür sürüb, damcı-damcı bir yerə toplanıb və bu gün bizim gördüyümüz ümmanı yaradıbdır.
Tədbirdə iştirak edən qonaqlar da çıxışlarında vurğuladılar ki, Xaqani Şirvani vətənini dərin bir məhhəbbətlə sevən bir şair idi. Daim vətəni tərənnüm edən şeirləri, əsərləri bu günə qədər sevilir və hər bir gələcək nəslə örnək və nümunədir. Şairin yazdığı “Savalan dağının tərifi” vətənpərvərlik mövzusunda yazılmış öz qiymətli fikri-bədii keyfiyyətləri etibarı ilə xüsusi yer tutan əsərdir.
Tədbirdə filialın tələbələri Xaqani Şirvanin qəzəllərindən səsləndirdilər və “Həbsdən şikayət”adlı səhnəcik ifa etdilər.




